Modern.az

Heydər Əliyevə həsr olunan fotosərgi 

 Heydər Əliyevə həsr olunan fotosərgi 

Diaspor

29 May 2023, 23:56

Tacikistan Milli Muzeyində Azərbaycan Respublikasının Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev – müstəqil Azərbaycanın memarı” adlı fotosərgi təşkil olunub. Tədbir Azərbaycanın Tacikistandakı səfirliyi və Tacikistan Milli Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Səfirlikdən Modern.az-a bildirilib ki, sərgidə Ulu Öndər Heydər Əliyevin həyatının müxtəlif dövrlərini, xidməti fəaliyyətini, Azərbaycana rəhbərlik etdiyi illərdə gördüyü işləri, keçirdiyi görüşləri, ölkəmizin regionlarına və xaricə səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

 

Tədbirdə çıxış edən səfir Əlimirzamin Əskərov qonaqlara Heydər Əliyevin dövlət və xalq qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın taleyüklü məqamlarında göstərdiyi siyasi müdrikliyi, müasir müstəqil Azərbaycanın quruculuğu yolunda həyata keçirdiyi nəhəng işlər barədə məlumat verib. Səfir Ümummilli Liderin peşəkar fəaliyyəti nəticəsində iqtisadiyyatda, sənayedə, kənd təsərrüfatında, təhsildə, mədəniyyətdə və digər mühüm sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb, məhz o dövrdə ölkəmizin müstəqilliyinin möhkəm təməlinin qoyulduğunu, milli ruh və azərbaycançılıq məfkurəsinin yüksəlməyə başladığını qeyd edib.

 

Səfir Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin əsasının məhz mayın 29-da qoyulduğunu vurğulayıb, son 31 ildə iki ölkənin münasibətlərinin inkişaf dinamikasından bəhs edib. Otuz bir il əvvəl əsası qoyulan münasibətlərin bu gün öz bəhrəsini verdiyini deyən Ə.Əskərov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib.

 

Mərasimin sonunda səfirlik tərəfindən Tacikistan Milli Muzeyinə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsindən bəhs edən “Zəfər salnaməsi” kitabı hədiyyə olunub.

 

Tədbirdə Tacikistanın Xarici İşlər, Mədəniyyət nazirliklərinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli diaspor fəalları iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi