Son illər Azərbaycan diasporunun fəaliyyəti ictimaiyyət tərəfindən müsbət dəyərləndirilir. Xarici ölkələrdə yaşayan həmyerlilərimizin birliyi, Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər, koordinasiyalı fəaliyyət təqdirlə qarşılanır.
Bu gün azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, hər yerdə birlik, bərabərlik və həmrəylik nümayiş etdirir, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi üçün var gücləri ilə çalışırlar. Şübhəsiz ki, diaspor sahəsində aktivliyi ilə seçilənlər arasında tələbələrimiz də var. Dünyanın aparıcı universitetlərində təhsil alan yüzlərlə azərbaycanlı gənc diaspor sahəsinə üz tutub. Bu məqamda Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərə dəstəyini xüsusilə qeyd etməliyik.
Müşahidələr onu göstərir ki, Dövlət Komitəsi dünyanın dörd bir yanında yaşayan tələbələrimizə öz dəstəyini nümayiş etdirir, onların fəaliyyəti və üzləşdikləri problemlərin dərhal aradan qaldırılması üçün bütün gücünü səfərbər edir. İndi okeanın o tayında məskunlaşan azərbaycanlılar belə hər addımda dövlət dəstəyini hiss edir, bu isə onları daha da ruhlandırır.
Milli Məclisin deputatları da Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki tələbələrimizə dəstəyini yüksək qiymətləndirirlər.
Deputat Fazil Mustafa Modern.az-a bildirib ki, Diaspor Komitəsi bu istiqamətdə aktiv şəkildə fəaliyyət göstərir.
“Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdəki tələbələrlə işləyən xüsusi qolu var. Hesab edirəm ki, bu istiqamətdə işlər normal səviyyədə qurulub. Bildirim ki, xaricdəki tələbələrimiz fərqli kateqoriyalara bölünür. Bunlar dövlət xətti və özəl imkanlar hesabına oxuyan tələbələrdir. Tələbələr arasında müəyyən status fərqlərinin olduğunu deyə bilərəm. Görünür ki, Dövlət Komitəsi bu kateqoriyalarla ayrıca işləyir. Çünki dövlət xətti ilə təhsil alan tələbələrdən məlumat almaq, yaxud müəyyən dərəcədə onlarla əlaqə qurmaq daha asandır. Amma onu da bildirməliyəm ki, Türkiyə və Avropa ölkələrində özəl sektorlarda təhsil alan tələbələr də çox aktiv fəaliyyət göstərirlər. Hesab edirəm ki, onlarla iş intensiv səviyyədə gedir. Onların imkanlarından hər hansı proseslərdə, Azərbaycan dövlətinin, cəmiyyətinin maraqları naminə istifadə olunur” .
Deputatı Məlahət İbrahimqızı da Diaspor Komitəsinin xaricdə təhsil alan azərbaycanlı gənclərə dəstəyini müsbət qiymətləndirdiyini söyləyib.
“Bu gün ölkəmizin ictimai-siyasi fəaliyyətində baş verən hadisələrdən görə bilirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi çox fəaldır. Xüsusilə 44 günlük Vətən müharibəsindən başlayaraq bu günə qədər Qarabağ həqiqətlərinin dünyaya çatdırlmasında onların rolu böyükdür. Belə ki, işğaldan azad olunan torpaqlarımızda dünya azərbaycanlıları ilə koordinasiyalı əlaqələr, orada keçirilən Dünya Azərbaycanlılarının Qurultayı, yay məktəbləri və Avropada Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması onların varlığını bir daha sübut edir.
Mətbuatdan da gördüyümüz kimi erməni diasporunun Azərbaycan əleyhinə yaydığı saxta informasiyalara qarşı gözəl işlər görürlər. Bu, çox təqdirəlayiqdir. Deyə bilərəm ki, Dövlət Komitəsinin fəaliyyətində çox müsbət məqamlar var”.
Aytac Əsədova