Avqustun 12-də “Heydər Əliyev İli" çərçivəsində qədim Azərbaycan torpağı olan Naxçıvanda “Diaspor Gənclərinin IV Yay Düşərgəsi” rəsmi olaraq öz işinə başlayıb.
Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.
Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyır.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı Modern.az-a açıqlamasında bildirib ki, IV Yay Düşərgəsinin açılış mərasimi çox yüksək səviyyədə keçdi.
"Açılış mərasimi “Heydər Əliyev və Diaspor quruculuğu” mövzusunda Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı sənədli filmin nümayişi ilə başladı. Eyni zamanda bədii hissə də təqdim olundu, gənclər Azərbaycan musiqisini dinlədilər, əyləndilər. Çıxışlar oldu, düşərgənin əhəmiyyəti barədə danışıldı. Eyni zamanda düşərgənin Heydər Əliyevə həsr olunmasının, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin Heydər Əliyevin həyat və fəaliyyəti ilə daha yaxından tanış olmaları, onunla bağlı daha geniş informasiya əldə etmələri üçün nə qədər əhəmiyyətli olduğu vurğulandı.
Düşərgə bir neçə gündür tərtib edilmiş proqram əsasında çox uğurla davam edir. Gənclər Heydər Əliyevlə görüşən, birgə çalışan siyasi xadimlərlə görüşüblər. Eyni zamanda Naxçıvanın görməli yerləri ilə tanış olublar. Proqram nəzərdə tutulduğu kimi davam edir", - o qeyd edib.
Vəsilə Vahidqızı bu ilki düşərgədə gənclərin öyrəndiyi yeni məlumatlardan, fərqliliklərdən də söz açıb:
“Fərqli tərəfləri odur ki, burda gənclərin Heydər Əliyevi daha çox tanımaq imkanları var. Gənclər həm Azərbaycan tarixi ilə həm də onun Heydər Əliyev mərhələsi ilə tanış olurlar. Düşərgənin ən üstün cəhətlərindən biri odur ki, gənclər bir-birini tanıyırlar, onların gələcəkdə şəbəkələşmə imkanları genişlənir. Düşərgədə iştirak etmək hüququ qazanan gənclərdən elələri var ki, onlar xarici ölkələrdə doğulublar, azərbaycanlıdırlar, amma ilk dəfə Azərbaycana gəlirlər. Onların ana vətənlərini tanımaq imkanları var. Həm Azərbaycanla əlaqələrinin yaranma və möhkəmlənmə imkanları qazanırlar, həm də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı tanıyırlar. Bundan başqa Azərbaycan dili və tarixi ilə bağlı ayrıca panellər var. Bütün düşərgə boyu Azərbaycan dilini öyrənmə və inkişaf etdirmə imkanları olacaq. Əvvəlki düşərgələrdə də müşahidə etmişik ki, gənclər 1 həftədən sonra öz dillərini necə təkmilləşdirə bilirlər. Yəni proqram əvvəlkilərə nə qədər oxşardırsa, müəyyən dərəcə də fərqlidir. Biz onların da rəylərini öyrənirik. Düşərgənin yeni maraqlı proqramları qarşıdadır. Amma bildirirlər ki, həm Azərbaycan, həm Naxçıvan, eyni zamanda görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı qısa vaxtda çox məlumat aldıq”.
Qeyd edək ki, düşərgənin I paneli “Ulu öndər Heydər Əliyevin həyat yolu” mövzusuna həsr olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən paneldə millət vəkili, AMEA-nın həqiqi üzvü, Filologiya elmləri doktoru, professor Rafael Hüseynov, sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev çıxış ediblər.
Azərbaycanın sabiq baş naziri və keçmiş xarici işlər naziri, görkəmli diplomat Həsən Həsənov da paneldə gənclərin suallarını cavablandırıb. Heydər Əliyevin siyasi olimpə yenidən yüksəlişinin qədim Naxçıvan torpaqlarından başladığını vurğulayan Həsən Həsənov qeyd edib ki, hələ sovet dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev müstəqillik dövrünün gələcəyini hər kəsdən daha yaxşı bilir və o zamandan respublikamızı azadlıq mərhələsinə hazırlayırdı.
Modern.az keçmiş XİN başçısının düşərgə ilə bağlı təəssüratlarını öyrənib.
O, bundan əvvəl Şuşada keçirilən Yay Düşərgəsində də iştirak etdiyini xatırladıb.
"Diaspor Gənclərinin IV Yay Düşərgəsi ilə bağlı təəssüratlarım çox yüksək oldu. Bu silsilədən baş tutan 4-cü tədbirdir. Mən son ikisində iştirak etmişəm: Şuşada və Naxçıvanda. Qeyd etmək istəyirdim ki, yer seçimi də uğurludur. Çünki keçən il Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçirildi. Bu il Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlər silsiləsi keçirilir, bu tədbir də Heydər Əliyevin vətəni olan Naxçıvanda keçirilir.
Diaspor gənclərinin xüsusilə seçilib yığılması çox yaxşıdır. Çünki əvvəllər adətən diasporla bağlı tədbirlərdə yaş nəzərə alınmırdı. Amma burada seçim gedir. Əslində iştirak etdiyimiz bu formatın müəllifi, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diasporumuzu müəyyən profillərə bölüb. Məsələn, diasporun məmurlarını ayrı yığırlar. Alimləri bir dəfə toplamışdılar, indi artıq bir dəfə də yığmaq istəyirlər. Diasporun gənclərini də ayrı yığırlar", - o qeyd edib.
Sabiq nazir vurğulayıb ki, iştirak edən gənclər daha çox xaricdə oxuyanlar yox, əksəriyyəti orada yaşayanlardır.
"Əsas məsələ odur ki, gənclər öz vəzifələrini bilsinlər. Azərbaycanlı olaraq yaşadıqları ölkədə vəzifələri nədir bilməlidirlər. Bu vəzifələri Heydər Əliyev çıxışlarında konseptual şəkildə təyin etmişdi.Bu çıxışlar da ekranda göstərildi.Cənab Prezident İlham Əliyev də bu vəzifələri təyin etmişdi.Burda isə o vəzifələr açıqlanır. Hansı ölkəyə aiddir, hansı sahədə vəzifə nədən ibarətdir və s. Yəqin ki, bu tədbirlər silsilə olaraq keçirildiyi halda bizim gənclərimiz öz vəzifələrini yaxşı biləcəklər. Onlar çox gəncdirlər. Məsələn biri 18 yaşındadır, çıxış etdi ki, Finlandiyadadır. Orada təkdir. Buna baxmayaraq, Finlandiya qəzetində Azərbaycan haqqında məqalə dərc edib.
Suallar daha dərin, geniş idi. “Dünyanı necə görməliyik biz?”,“Dünya siyasətini necə anlamalıyıq?”, “Azərbaycanın tarixini, bu günün reallıqlarını, müstəqillik dövrünün uğurlarını dünya ictimaiyyətinə necə çatdırmalıyıq?” kimi suallar var idi”.
Hərə öz yaşadığı, fəaliyyət göstərdiyi sahədə, işlədiyi təşkilatda müəyyən işi görsə, sözsüz ki, kifayət olacaq. Diasporun hər üzvünün vəzifəsi nəticə olaraq dünyada Azərbaycanı sevdirməkdir. Hörmətli prezidentimiz İlham Əliyev, hər çıxışında tarixi ənənələrimizi yaşatmalıyıq fikrini irəli sürür. Bundan irəli gələrək, mən çıxışımda təklif etdim ki, əsrlər boyu vətəndən kənarda yaşayan alimlərimizin, ədiblərimizin, səyyahlarımızın, memarlarımızın Azərbaycan qarşısında xidmətləri örnək olaraq müasir diaspor gənclərimizin nəzərinə çatdırılmalıdır".- deyə Həsən Həsənov əlavə edib.
Jalə Rövşən