Modern.az

Şəhid analarının içlərindəki qəhəri gördüm... - Videosu yayılan gənc xanım

Şəhid analarının içlərindəki qəhəri gördüm... - Videosu yayılan gənc xanım

Diaspor

18 Avqust 2023, 13:02

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 12-dən Naxçıvanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Diaspor Gənclərinin IV Yay Düşərgəsi keçirilir.

 

Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyır.

 

Yad ölkələrdə yaşayan azərbaycanlı gənclərin biri-biri ilə əməkdaşlığı, onların Vətənə bağlanması baxımından düşərgə xüsusuilə ölçüyəgəlməzdir.

 

Ötən günlərdə düşərgə iştirakçılardan Solmaz Rəhimova öz hərəkəti ilə hamımızın diqqətini çəkib. Şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid baş leytenant Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid leytenant Vəli Quliyevin anası Həqiqət Quliyeva, Vətən müharibəsinin qaziləri - baş leytenant Əli Əlisoy, ehtiyatda olan kapitan Ceyhun Bayramov və ehtiyatda olan mayor Təbriz Zeynalov ilə keçirilən paneldə o, səhnəyə çıxıb, göz yaşları içərisində şəhid analarını və qazimizi qucaqlayıb.

 

Sosial şəbəkələrdə və mətbuatda yayılan bu duyğulu görüntülər ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi.

 

Solmaz Rəhimova Kosta Rikada oxuyur və işləyir. O, bu ölkəni şəxsi məsələlərdən ötrü seçib.

 

Modern.az Solmaz Rəhimova ilə yaşananlar barəsində söhbətləşib.

 

Solmaz Rəhimova şəhid analarını və qazimizi qucaqlamaq fikrinin onda spontan yarandığını bildirib:

 

“Qazi və şəhid anasını qucaqlamağım qəfil oldu. Bu barədə düşünməmişdim. Onları həmin zaman gördüm. Çox kədərləndim. İçimdən gəldi ki, mən şəhid anasını və bir zabitimizi qucaqlamaq, göz yaşlarını silmək istəyirəm.
Mən müharibə vaxtı Azərbaycanda deyildim. Kosta Rikadaydım. Ancaq mütəmadi olaraq ailəmlə əlaqədəydim. Medianı izləyirdim. Həmçinin ancaq informasiya müharibəsi aparırdım. Əlim ancaq ona çatırdı.
Şəhid anasını və qazini qucaqladıqda onlar mənə dedilər ki, şəhidləri unutmayın. Mən də eyni zamanda dedim ki, biz sizin övladlarınızı heç vaxt unutmarıq. Bu mövzu mənim üçün çox həssasdır. Çünki mən Cəbrayıl rayonunda doğulmuşam. Lakin orada böyüməmişəm. Vətən həsrətilə böyüyən birisiyəm. Mən Cəbrayıla gedib orada gəzmək istəyirəm Şəhid və qazilərin sayəsində mən Vətənimə qayıda biləcək və arzumu reallaşdıra biləcəyəm ”.

 

Solmaz Rəhimova görüşdən sonra şəhid anaları və qazi ilə biraraya gələ bilməyəcəyini düşündüyünü deyib: “Hələki tədbirlə əlaqədar kiminləsə, ailəmlə əlaqə saxlamaq imkanım olmur. Mənim bu videonun yayılmasından xəbərim yox idi. Video bizim qrupda yayıldıqdan sonra bundan xəbərim oldu”.

 

Gənc fəal belə həssaslığının cəbrayıllı olmasından irəli gəldiyini söyləyib:


“Mənim babamın özü ermənilərə qarşı mübarizə aparıb. Bizim qohumlarımızdan şəhid olanlar olub. Mən özüm 1993-cü ilin iyulunda anadan olmuşam. Ancaq avqust ayında Cəbrayıl artıq işğal olunmuşdu. Yəni mən Cəbrayılda biraz nəfəs almışam. Daha sonra doğma yurdumuzdan ayrı düşmüşük. 30 ildən sonra torpaqlarımızın işğaldan azad olunması və mənim ora ayaq basmaq şansımın olması əlbəttə, mənim üçün önəmlidir. Mən ötən il Şuşada da olmuşam. Şuşada olanda Cəbrayıla getməyə can atırdım. Deyirdim nəsə avtobus ola, maşın ola məni Cəbrayıla apara. Ancaq vaxt məhdudiyyətindən alınmadı, həm də oraya elə buraxılış da yox idi. Mən bilirəm ki, nə vaxtsa ora ayaq basacam. Çünki Cəbrayıl artıq bizimdir, azaddır”.

 

Solmaz Rəhimova şəhid ailələrinə diqqət və qayğının daha da artmasını arzuladığını deyir:

 

“Şəhid ailələrinə çox önəm verilməsini və onların unudulmamasını arzu edərdim. Hər bir şəhid ailəsinə xüsusi diqqət göstərilsin. Mən bilirəm ki, bu belə də olur. Sadəcə bundan da artıq yüksək diqqət və qayğı göstərilsin istəyirəm. Onları birdən unutmayaq. Qarşımızda duranda güclü olmağa çalışırdılar. Bizi ağlatmaq istmirdilər. Onların üzləri gülsə də, mən onların gözlərinin içərisində kədəri gördüm. O ağrını biz tam anlaya bilmərik”.

 

Müsahibimiz Yay Düşərgələrinin təşkili üçün Diasporla İş üzrə Dövlət Komitəsinə özü və dostları adından təşəkkürünü bildirib:

 

“Bu, dördüncü yay düşərgəsidir. Belə tədbirlər dünya azərbaycanlılarını, xüsusuilə gəncləri biri-birinə çox bağlayır. Vətən sevgisini artırır. Burda olduğumuz müddətdə birlikdə olduğumuz uşaqlarsız geri döndükdən sonra darıxacağıq. Biz biri-birimizi Vətənimiz kimi sevirik. Diaspor Komitəsi dünya azərbaycanlılarının toparlanmasında böyük işlər görür. Ayrı-ayrı ölkələrdəki Azərbaycan evlərinə hər birimiz dədə evi kimi baxırıq. Hər şey üçün minnətdarlığımızı bildiririk. Biz birlikdə güclüyük”.
 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI