Modern.az

BMT nümayəndəliyi qarşısında növbəti etiraz - FOTOLAR

BMT nümayəndəliyi qarşısında növbəti etiraz - FOTOLAR

Diaspor

19 Avqust 2023, 20:36

Almaniyada yaşayan Azərbaycan icması fəallarının Birləşmiş Millətlər Təşkilatının (BMT) Bonn şəhərindəki nümayəndəliyinin önündə dinc aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan aksiyada Alman-Azərbaycan Mədəniyyət Evinin nümayəndələri, Almaniyada çalışan azərbaycanlı həkimlər və elm adamları iştirak ediblər.

 

30 il ərzində işğalçı siyasət yürütmüş Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz məqsədilə təşkil edilən aksiya zamanı Azərbaycanın Qarabağ bölgəsində törədilmiş erməni vandallığını ifşa edən fotomateriallar nümayiş etdirilib.

 

“Qarabağ Azərbaycandır!”, “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!” şüarlarına diqqəti cəlb edən aksiya iştirakçıları BMT-nin Təhlükəsizlik Şurasını əməli addımlar atmağa çağırıblar.

 

Soydaşlarımız Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın hərbi və ekoloji terroruna son qoyulmasını, Azərbaycan vətəndaşlarının Qarabağda təhlükəsizliyinin və insan hüquqlarının təmin edilməsini, bərpa işlərinin aparılması üçün Azərbaycana dəstək göstərilməsini BMT-dən tələb ediblər.

 

Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın hərbi və ekoloji cinayətləri barədə ətraflı məlumat verilib. Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutları yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI