Modern.az

Diaspor gənclərinin təəssüratları - Naxçıvan bizi daha sıx birləşdirdi

Diaspor gənclərinin təəssüratları - Naxçıvan bizi daha sıx birləşdirdi

Diaspor

21 Avqust 2023, 17:38

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 12-dən 18-nə qədər Naxçıvanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Diaspor Gənclərinin IV Yay Düşərgəsi keçirilib.

 

Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub.

 

Modern.az Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçılarının tədbirlə bağlı təəssürarlarını öyrənib.

 

Qazaxıstanın Aktau şəhərində yerləşən "Azərbaycan Mərkəzi" İctimai Fondunun direktoru İlkin Orucov saytımıza açıqlamasında düşərgənin ona çox şeylər qatdığını bildirib:

 

"Diaspor Gənclərinin IV Yay Düşərgəsi üçün mən may ayında müraciət etdim. İyul ayında isə dəvət aldım. Açığı bu mənim üçün gözlənilməz oldu. Çünki mən bilirdim ki, iştirak etmək üçün müraciətlər çox olur. Mən heç vaxt Naxçıvanda olmamışım. Həmişə ora getmək barədə düşünürdüm. Yay düşərgəsi bu baxımdan böyük fürsət oldu. Bizdə bu il Ümumilli lider Heydər Əliyevin yüz illiyi qeyd olunur. Diaspor Gənclərinin IV Yay Düşərgəsinin Naxçıvanda keçirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır. Maraqlı proqram təşkil olunmuşdu. Çox maraqlı spikerlər, diplomatlar gəlmişdi. Bizimlə öz təcrübələrini bölüşdülər. Ən əhəmiyyətlisi odur ki, çox gözəl tanışlıqlar əldə etdim. Çox dostlar qazandım. Azərbaycanda belə bir söz var ki, “adamı yolda tanıyarlar”. Çox gözəl iştirakçılar var idi. Görünürdü ki, hər biri seçmə uşaqlardır. Azərbaycana laqeyd yanaşmırlar. Hər biri Azərbaycan üçün öz töhfəsini verən insanlardır. İstər Avropadan, istər Avstraliyadan, istərsə də Amerikadan gələn şəxslərlə  aramızda inteqrasiya oldu. Gələcəkdə belə tədbirləri bir yerdə keçirməyi müzakirə etdik".

 

İlkin Orucov Qazaxıstanda diaspor fəaliyyətindən də söhbət açıb:

 

"Qazaxstanın Aktau şəhərindəki "Azərbaycan Mərkəzi"nin rəhbəriyəm. Aktauda yerləşən Yessenov universitetində baş müəlliməm. Bizim ictimai fondumuz demək olar ki, iki ildir fəaliyyət göstərir. Azərbaycanın bütün əhəmiyyətli günlərini qeyd edirik. Azərbaycanın şad günləri də, pis günləri də xatırlanır. Fondumuz xüsusən tələbələrlə, gənclərlə  işləyir. Çünki gənclər bizim gələcəyimizdir. Mən Diaspor Komitəsi ilə demək olar ki, 1 ildir sıx əməkdaşlıq aparıram. Onlara təşəkkürlərimi bildirirəm. Biz Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun da dəstəyini görürük.  Demək olar ki,  bütün işləri biz bir yerdə görürük".

 

Yay düşərgəsinin digər bir iştirakçısı, Macarıstanın paytaxtı Budapeşt şəhərində təsis edilmiş Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYID) sədri Ramil Şükürov isə düşərgənin əhəmiyyətinin çox böyük olduğunu diqqətə çatdırıb:

 

"Yay düşərgəsi xaricdə yaşayan yeni nəsil azərbaycanlıları bir araya gətirir, ölkəmizlə bağlarını daha da möhkəmləndirir. Həmçinin, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün gözəl fürsət yaradır. Bu möhtəşəm layihəyə görə Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm."

 

Ramil Şükürov Macarıstanda yaşadığını və burada diaspor fəaliyyətinin yüksək səviyyədə olduğunu vurğulayıb:

 

"Mən Macarıstandan qatılmışdım. Macarıstanda diasporun fəaliyyəti çox yüksək səviyyədədir. Budapeştdə yerləşən "Azərbaycan Evi" və hazırda prezidenti olduğum Gənclər Assosiasiyası olaraq müxtəlif tədbirlər və layihələr həyata keçirmişik. Buna "Qan yaddaşı"mız, mədəni tədbirlər və idman layihələri daxildir.

 

Ümumiyyətlə, xaricdə yaşayan bir gənc olaraq Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirəm və diasporumuzun fəaliyyətinə öz töhfəmi verməyə çalışıram."

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI