Modern.az

Komitə sədri Berlindəki Azərbaycan həftəsonu məktəbini ziyarət etdi 

Komitə sədri Berlindəki Azərbaycan həftəsonu məktəbini ziyarət etdi 

Diaspor

21 Noyabr 2023, 10:24

Almaniyaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin yeni ofisini ziyarət edib.

 

Modern.az xəbər verir ki, görüş məktəblilərin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

 

Komitə sədrini salamlayan “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyəti sədrinin müavini Sevda Badaliouri məktəbin fəaliyyəti və yaradılmış şərait barədə ətraflı məlumat verib. Bildirib ki, ana dili kurslarında kiçik və böyük yaş kateqoriyaları üzrə iki qrup mövcuddur. Bundan başqa, Azərbaycan dilini heç bilməyən gənc soydaşlarımızdan ibarət yeni qrup yaradılıb. “Bu gənclər könüllü olaraq Azərbaycan dilini öyrənmək istəyirlər. Gənclərin doğma dilimizə belə həvəs göstərmələri bizi çox sevindirir”, - deyə Sevda Badaliouri söyləyib.  

 

Komitə sədri dərs prosesini müşahidə edib. Məktəblilərə Azərbaycan haqqında məlumatın verilməsi, Azərbaycan dilinin, mahnılarının və şeirlərin öyrədilməsi prosesi əyani şəkildə nümayiş etdirilib. Məktəblilər qonağın ölkəmiz barədə suallarını cavablandırıb, vətənpərvərlik mövzusunda Azərbaycan mahnıları və şeirləri səsləndiriblər.

 

Komitənin adından məktəbə Azərbaycan dili dərsliyi, müxtəlif dərs ləvazimatları, Azərbaycan bayraqları, ölkəmizi tərənnüm edən nəşrlər və suvenirlər hədiyyə olunub. Tədbir çərçivəsində valideynlərlə ayrıca görüş keçirilib. Valideynlər övladlarının məktəbə böyük həvəslə gəldiklərini, tədris ocağının fəaliyyətindən razılıqlarını bildiriblər. Layihə rəhbərinə və məktəbə göstərilən dəstəyə görə Komitəyə minnətdarlıqlarını bildiriblər.   

 

Komitə sədri xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və tövsiyələrinə uyğun olaraq dünyanın müxtəlif ölkələrində Azərbaycan həftəsonu məktəbləri daha intensiv şəkildə fəaliyyətə başlayıb. Berlindəki məktəbin fəaliyyəti yüksək qiymətləndirilib, övladlarını Azərbaycan həftəsonu məktəblərinə yönəldən valideynlərə minnətdarlıq bildirilib. Gələcəkdə məktəbin fəaliyyətinin təkmilləşdirilməsi üçün lazımi dəstəyin göstəriləcəyi ifadə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir