Modern.az

TDT-yə üzv dövlətlərin diaspor rəhbərləri Bişkekdə - FOTO

TDT-yə üzv dövlətlərin diaspor rəhbərləri Bişkekdə - FOTO

Diaspor

23 Noyabr 2023, 16:30

Noyabrın 22-də 2023-cü ildə Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin 5-ci iclası keçirilib.

 

Modern.az xəbər verir ki, toplantının gündəliyinə üzv dövlətlərin diaspor qurumları və türk diasporları arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi məsələləri daxil edilib. 

 

İclası giriş sözü ilə Qırğız Respublikasının əmək və sosial təminat naziri Gülnarə Batırova açıb və qonaqları salamlayıb. 

 

Sonra TDT baş katibi Kubanıçbek Omuraliyev gündəlikdə olan məsələlər barədə ümumi məlumat verib, hazırda dünyada gedən mürəkkəb proseslərin diasporun fəaliyyətinə də birbaşa təsir etdiyini diqqətə çatdırıb. 

 

Diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərləri arasında ilk çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov olub. O, gələn il TDT-nin yaranmasının 15 illiyi münasibətilə Naxçıvan şəhərində üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin görüşünün keçirilməsini, eləcə də TDT diaspor alimlərinin ümumi məlumat bazasının yaradılmasını təklif edib. 

 

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. 

 

İclasda Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren (Türkiyə), NAO Otandastar Fondunun prezidenti Abzal Saparbekuli (Qazaxıstan), “Vatandoşlar” İctimai Fondunun İdarə Heyətinin sədri Odilcan Sattarov (Özbəkistan), Xaricdə yaşayan Macar İcmaları məsələləri üzrə dövlət katibi Arpad Yanoş Potapi (Macarıstan) çıxış ediblər. 

 

“Türk diasporunun 2022–2026-cı illər üzrə Birgə Fəaliyyət Strategiyası” müzakirə olunub və Azərbaycan nümayəndə heyətinin təklifləri müsbət qarşılanıb. 

 

2024-cü ildə Naxçıvan şəhərində təşkil olunacaq TDT-nin 3-cü Diaspor İnstitusional Təcrübə Mübadiləsi Proqramı çərçivəsində TDT-nin yaranmasının 15 illiyi münasibətilə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının və təşkilat rəhbərlərinin görüşünün keçirilməsi qərara alınıb. 

 

Qeyd edək ki, TDT (keçmiş adı – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş beynəlxalq təşkilatdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir