Modern.az

“Biz gərək Vətənimizin də təbibi olaq” - Almaniyadakı azərbaycanlı həkimlər

“Biz gərək Vətənimizin də təbibi olaq” - Almaniyadakı azərbaycanlı həkimlər

Diaspor

4 Dekabr 2023, 15:16

Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunun iştirakçıları tədbirlə bağlı fikirlərini bölüşüblər.

 

Almaniyanın Hannover şəhərində yaşayan plastik-rekonstruktiv estetik cərrah Gülşən Əhmədli forumu mühüm hadisə kimi qiymətləndirib: “Biz Almaniyada yaşamağımıza baxmayaraq, gərək Vətənimizin də təbibi olaq. Bu forumların təşkili çox vacibdir, belə görüşlər şəbəkələşmə yaradır. Müxtəlif sahələrdə çalışan və müxtəlif şəhərlərdə yaşayan həkimlər sosial şəbəkələr vasitəsilə bir-biri ilə əlaqə yaradır, bir-birini tanıyırlar. Bununla da hər dəfə yeniliklər əldə etmiş oluruq. Hər dəfə uğur hekayələrinin bölüşülməsi, hansısa bir həkim tərəfindən yeni ideyaların paylaşılması bizim üçün sevindirici bir haldır və azərbaycanlıların uğurudur. Bir azərbaycanlının uğuru isə hamımızın uğuru deməkdir. Bu, həm də Almaniyada yeni addımlarını atan gənc azərbaycanlı həkimlər üçün motivasiyaedici bir toplantıdır. Hər kəs bura gələrək bu uğur hekayələrini eşitdikdə “Mən də bu bunları əldə edə bilərəm və bunu məqsəd olaraq qarşıma qoyum” - deyə  fikirləşir. Bizimlə əlaqələr qururlarsa, biz də onlara hər cür dəstək olmağa çalışırıq. Mən 2008-ci ildən Almaniyadayam və gəldiyim ilk vaxtdan Azərbaycanı təmsil edirəm. Yaşadığım şəhərdəki universitet klinikasında, eyni zamanda “Lebanese” Universitetində keçirilən bütün beynəlxalq tədbirlərə qoşulmuşam, Azərbaycanı tanıtmaq üçün əlimdən gələni etmişəm. Biz həmçinin Azərbaycan üçün müəyyən layihələr həyata keçirmişik. Azərbaycan bizim Vətənimizdir, mən hər şey üçün Vətənimə borcluyam”.

 

Forum iştirakçılarından Giesen Universitet Xəstəxanasının ürək cərrahı Zülfüqar Tağıyev bildirib ki, 2013-cü ildən Almaniyada yaşayır: “2008-ci ildə Dövlət Proqramı çərçivəsində Almaniyaya gəlmişəm, burada universitetə qəbul olub ürək-damar cərrahı kimi fəaliyyətimi davam etdirirəm. Belə bir forumun keçirilməsi Almaniya və Azərbaycanın səhiyyə sahəsində çalışanlar üçün çox vacib bir hadisədir. Biz yalnız fikir mübadiləsi vasitəsilə özümüzü inkişaf etdirə bilərik, ona görə də belə görüşlərin mütəmadi keçirilməsi çox vacibdir. Forumdakı təqdimatlar çox maraqlıdır və indiki səhiyyə sahəsində olan trendlərə uyğundur. Azərbaycanlı həkimlərin bilik və təcrübə baxımından Almaniyanın səhiyyə sisteminə uyğun gəlməsini çox yüksək qiymətləndirirəm”. 

 

Daha bir forum iştirakçısı - visseral, torakal və damar cərrahı Hüseyn Kamalzadə də hesab edir ki, bu cür tədbirlərin keçirilməsi və Almaniyadakı azərbaycanlı həkimlərin buna maraq göstərməsi çox müsbət bir irəliləyişdir: “Forum haqqında çox müsbət rəylər eşidirəm. İnsanlar bir- biri ilə referatlar çərçivəsində tanış olur, ünsiyyət yaradırlar. Təqdimatlar da çox maraqlıdır. İnanıram ki, 3-cü forumda daha çox iştirakçı olacaq. Artıq 10 ildən çoxdur ki, azərbaycanlı həkimlər Almaniyaya gəlir və özlərini inkişaf etdirirlər. Almaniyada həkim qıtlığı var və bu, bütün dünyada da mövcuddur. Mən deyə bilmərəm ki, Almaniyada səhiyyə sistemi idealdır, burada da səhiyyənin çatışmayan cəhətləri var. Azərbaycan həkimləri Azərbaycanda əldə etdikləri biliklərlə burada layiqli vəzifələr tutur və özlərini inkişaf etdirirlər. Bəzi insanlar fikirləşirlər ki, onlar Azərbaycanda aldıqları təhsillə Almaniyada yaxşı həkim ola bilməzlər. Bu, yanlış bir yanaşmadır, çünki yaxşı baza əldə etməklə öz peşəkar yollarına davam edə bilərlər. Hətta mən bunu özüm haqqında da deyə bilərəm ki, orta təhsilimi Azərbaycanda almışam, ali təhsilimi Almaniyada davam etdirirəm. Azərbaycandan bura gəlib təhsil alan tələbələr , eyni zamanda həkim kimi çalışmağa gələn insanlar Azərbaycanın səhiyyə sisteminə mühüm töhfələr verə bilərlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok