Modern.az

Kazanda Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib - FOTO

Kazanda Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib - FOTO

Diaspor

6 Dekabr 2023, 14:14

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təntənəli konsert və sambo üzrə şəhər turniri keçirilib.

 

“Tatarıstan Respublikasındakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən təşkil olunan konsertdə “Heydər Əliyev İli” çərçivəsində 29 noyabr – 2 dekabr tarixində Kazana səfər edən Azərbaycan Respublikası Milli Məclisinin üzvü Vüqar İsgəndərovun, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Əli Baytalovun, Gənclər və İdman Nazirliyinin əməkdaşı Fəqan Səfərovun daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak edib.

 

Fəxri qonaqlar arasında Tatarıstan Respublikası (TR) Dövlət Şurasının Təhsil, Mədəniyyət, Elm və Milli Məsələlər Komitəsinin sədr müavini Lyudmila Rıbakova, mədəniyyət nazirinin müavini Damir Natfullin, TR Rəisi Milli Siyasətinin həyata keçirilməsi üzrə Departamentin daxili siyasət məsələləri üzrə idarəsinin baş məsləhətçisi Marina İvanova, Tatarıstan Xalqlar Assambleyası Şurasının İcraiyyə Komitəsinin rəhbəri Konstantin Yakovlev, Tatarıstan Xalqları Dostluq Evinin direktoru Timur Kadırov, Türkiyənin Kazandakı Baş konsulu Uğur Yılmaz, İranın Kazandakı Baş konsulu Davud Mirzəxani və başqaları olub.

 

Konsert öncəsi çıxış edən qonaqlar görkəmli dövlət xadimi Heydər Əliyevin beynəlxalq əlaqələrin inkişafında, xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycanın mədəni irsinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən danışıblar.

 

Sonra üç şəhərin – Bakı, Moskva və Kazan sənətçilərinin ifasında rəngarəng konsert proqramı təqdim olunub.

 

Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib. 

 

“Heydər Əliyev İli” çərçivəsində keçirilmiş tədbirlər silsiləsi “Batır” idman kompleksində təşkil olunmuş sambo üzrə şəhər turniri ilə davam edib. “Tatarıstan Respublikasındakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən təşkil olunmuş yarış Rusiyanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Yarış iştirakçılarını salamlayan təşkilatın sədri Bəhram Mustafayev bildirib ki, bu il Azərbaycanda xalqımızın dahi şəxsiyyətinin 100 illiyi ilə əlaqədar Heydər Əliyev İli” elan edilib. Qeyd edib ki, Azərbaycan dövlətinin möhkəmləndirilməsi naminə misilsiz xifmətlər göstərmiş ümummilli liderin xatirəsinə turnirin keçirilməsi Kazandakı Azərbaycan icması üçün qürurverici hadisədir.

 

Millət vəkili Vüqar İsgəndərov çıxışında bildirib ki, belə turnirlərin təşkil olunması Azərbaycanla Tatarıstan arasında ikitərəfli əlaqələrə müsbət təsir edir.

 

Gərgin mübarizə şəraitində keçən turnirdə 250-yə yaxın samboçu gücünü sınayıb. Turnir qaliblərin mükafatlandırma mərasimi ilə yekunlaşıb.

 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tatarıstan Xalqları Dostluq Evini ziyarət edib. Qonaqları Dostluq Evinin direktoru Timur Kadırov, direktor müavini Natalya Myasnokova və “Tatarıstan Respublikasındakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev qarşılayıblar.

 

Dostluq Evində yaradılmış şəraitlə tanışlıq zamanı qonaqlara Tatarıstan Xalqları Assambleyası və Dostluq Evinin əsas layihələri və fəaliyyəti barədə məlumat verilib.

 

Sonra Azərbaycan nümayəndə heyətinin Dostluq Evinin direktoru Timur Kadırov, Tatarıstan Xalqlar Assambleyası Şurasının İcraiyyə Komitəsinin rəhbəri Konstantin Yakovlev, Azərbaycan icmasının rəhbəri Bəhram Mustafayev və fəallarla görüşü keçirilib. Görüş zamanı Azərbaycan və Tatarıstanda konstruktiv və balanslaşdırılmış millətlərarası münasibətlərin əhəmiyyətinə, gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. “Tatarıstan Respublikasındakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının, onun nəzdindəki gənclər qanadının aktiv və məhsuldar fəaliyyəti yüksək qiymətləndirilib.

 

Görüş xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok