Modern.az

ABŞ mətbuatı Azərbaycanın qızılbaş irsinə sahiblənməsindən bəhs edib 

ABŞ mətbuatı Azərbaycanın qızılbaş irsinə sahiblənməsindən bəhs edib 

Diaspor

6 Dekabr 2023, 15:50

“Azərbaycan, İran, Orta Asiya və Əfqanıstan kimi ABŞ üçün strateji əhəmiyyət kəsb edən bölgələrin tarixini anlamağa çalışan hər bir amerikalı Qızılbaşların kim olduğunu bilməlidir”.

 

Bu barədə tanınmış politoloq və jurnalist, “Dona Qrasiya” Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının saytında dərc olunmuş “Azərbaycan öz imperial irsinə sahiblənir” sərlövhəli məqaləsində yazıb.

 

Məqalədə qeyd olunub ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” adlı beynəlxalq konfrans Qızılbaşlar haqqında hərtərəfli məlumatlılığı artırmaq və Azərbaycan Səfəvilər imperiyası dövründə mövcud olmuş Qızılbaş icmasının yenidən birləşməsinə səbəb ola biləcək ünsiyyəti təşviq etmək məqsədini daşıyıb. Bunu Pakistanın keçmiş federal katibi, Qızılbaş Qlobal İrsi Təşkilatının idarə heyətinin üzvü Ağa Sərvər Rza deyib: “Azərbaycan Qızılbaş xalqını birləşdirmək üçün böyük işlər görür. Bizim əcdadlarımız Azərbaycan ərazisində yaşayıb, sonradan müxtəlif ölkələrə yayılıblar. Azərbaycan bizim tarixi vətənimizdir”.

 

Bildirilib ki, Azərbaycan türkcəsində danışan köçəri tayfalar olan qızılıbaşların birliyinə rumlu, şamlı, ustaclı, əfşar, qacar, təkəli və zülqədər tayfaları daxil olub. XV əsrdən başlayaraq bu tayfalar Azərbaycanda əsası qoyulmuş, Yaxın və Orta Şərqin böyük hissəsini hakimiyyəti altında birləşdirmiş Azərbaycan Səfəvi imperiyasının yaradılmasında aparıcı qüvvə kimi çıxış ediblər. Azərbaycan Səfəvi dövləti və ya digər adla desək, Qızılbaş dövlətinin hakimiyyəti dövründə indiki İran Şərqlə Qərb arasında səmərəli dövlət bürokratiyasına malik iqtisadi güc olub. Bu dövrdə böyük memarlıq abidələri yaradılıb, təsviri sənətə himayədarlıq edilib. İndiki zamandan fərqli olaraq, fars deyil, türk ünsürünün hökmran olduğu Qızılbaş dövlətində rəsmi dil Azərbaycan dili olub, hərbi və hakim elitanı Azərbaycan qızılbaş tayfaları təşkil edib və İranda türk kimliyinın sıxışdırılmasına yalnız Pəhləvilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra rəvac verilib.

 

Məqalədə konfransın təşkilinə dəstək vermiş Qızılbaş Qlobal İrsi Təşkilatı üzvlərinin birgə bəyanatına istinad olunub: “Biz, dünya qızılbaş icmasının bir hissəsi olan Qızılbaş Qlobal İrsi Təşkilatının üzvləri olaraq fəxr hissi ilə qeyd edirik ki, XV əsrin ikinci yarısında meydana çıxımış Qızılbaş hərəkatı Yaxın və Orta Şərqin və bütövlükdə türk dünyasının tarixində yeni səhifə açıb. İndiki Azərbaycan, Ermənistan, Dağıstan, İran, İraq, Şərqi Türkiyə, Şərqi Gürcüstan, Cənubi Türkmənistan və Qərbi Əfqanıstan ərazilərini əhatə edən və Qızılbaş tayfaları tərəfindən qurulan Səfəvi dövlətinin hakimiyyəti dövründə və ondan sonrakı illərdə, xüsusilə də Nadir şah Əfşarın fəthləri dövründə qızılbaşlar bu ərazilərdə möhkəmlənərək zaman keçdikcə dünyanın müxtəlif hissələrinə yayılıblar”.

 

Konfransın əhəmiyyətindən söz açılan bəyanatda sözügedən tədbir Azərbaycan tarixinin şanlı səhifəsi olan Qızılbaş irsinin daha geniş miqyasda öyrənilməsi və təbliğində böyük başlanğıc kimi vurğulanıb. Qızılbaş icmasının üzvləri həmçinin tarixi vətənləri Azərbaycanla bağlarının möhkəmləndirilməsi və öz tarixi köklərinə qayıdış istiqamətində fəaliyyətin daha geniş formatda və miqyasda davamlılığına inamlarını ifadə edib və bu istiqamətdə gələcək səyləri dəstəklədiklərini bəyan ediblər.

 

Dünyanın hər yerindən olan Qızılbaşların öz köklərinə qayıdışına, fəaliyyətlərinin əlaqələndirilməsinə, Azərbaycan dili və mədəniyyəti ilə tanış olmalarına və Azərbaycan cəmiyyətinə inteqrasiyasına kömək etmək məqsədilə yaradılmış Qızılbaş Qlobal İrsi Təşkilatının həmsədri Arşi Qızılbaş isə deyib ki, məqsədləri qurumun inkişafına, eləcə də BMT və UNESCO tərəfindən dünya irsini qoruyan bir təşkilat kimi tanınmasına nail olmaqdır.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//foreignpolicyblogs.com/2023/12/05/azerbaijan-appropriates-its-imperial-heritage/

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok