Modern.az

Heydər Əliyevin əziz xatirəsi dünyanın dörd bir yanında - FOTOLAR

Heydər Əliyevin əziz xatirəsi dünyanın dörd bir yanında - FOTOLAR

12 Dekabr 2023, 20:50

Bu gün müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anım günüdür.

 

Onun xatirəsi Azərbaycanın bütün bölgələri ilə yanaşı xarici ölkələrdə də yüksək ehtiramla yad edilir. 

 

Modern.az-ın məlumatına görə, dünyanın dörd bir yanında Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər, mərasimlər keçirilir.

 

Qazaxıstanda...

 

Qazaxıstanın Aktau şəhərində yerləşən Yessenov Universitetində “Ümummilli lider Heydər Əliyevin türk dünyasının möhkəmləndirilməsində rolu” mövzusunda elmi konfrans keçirilib.

 

“Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Beynəlxalq münasibətlər və turizm” kafedrasının birgə təşkilatçılığı və Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə baş tutan tədbirdə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Sabri Alptekin, Azərbaycandan gələn qonaqlar, universitetin müəllimləri və tələbələri iştirak ediblər. 

 

Tədbir iştirakçılarını salamlayan Yessenov Universitetinin prezidenti Berik Ahmedov çıxışında Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb, Heydər Əliyevin qardaşlıq münasibətlərinin inkişafına töhfələr bəxş etdiyini vurğulayıb.

 

Konfransda Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elçin Məmmədov, Azərbaycanın xalq yazıçısı Elmira Axundova, “Azərbaycan Mərkəzi” İctimai Fondunun direktoru İlkin Orucov çıxış ediblər. Heydər Əliyevi ölkəmizin və türk dünyasının çoxəsrlik dövlətçilik tarixində unikal, dahi şəxsiyyət və müasir Azərbaycan dövlətinin qurucusu adlandıran natiqlər onun həyat və fəaliyyətinə diqqəti cəlb edib, ulu öndərin mühüm xidmətlərindən söz açıblar.

 

Elmira Axundova görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb və qazax dilində “Zərifə və Heydər Əliyev – əbədi sevgi” kitabını təqdim edib.

 

Sonra “Beynəlxalq münasibətlər və turizm” kafedrasının professoru Əhməd Demeyevin “Qazaxıstan-Azərbaycan: birgə gələcəyə doğru” mövzusunda məruzəsi dinlənilib. Konfransdan sonra qonaqlar “Azərbaycan Mərkəzi”nin fəaliyyəti ilə tanış olublar.

 

Türkiyədə...

 

Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Anadolu Universitetində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə əməkdaşlığı, Eskişehir Anadolu Universiteti və Heydər Əliyev adına Tərbiq və Araşdırma Mərkəzinin ev sahibliyi ilə baş tutan tədbir Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca ili ölkənin Dövlət himnləri səsləndirilib.

 

 

Tədbir iştirakçılarını salamlayan Anadolu Universiteti rektoru Prof. Dr. Fuad Erdal çıxışına Heydər Əliyevi ehtiramla yad etməklə başlyıb. Qardaş dövlətlərimizin dərin əməkdaşlıq əlaqələrində Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

 

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev ölkəmizin çox mürəkkəb dövründə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakar və xilaskar missiyasından danışıb. Böyük öndərin vəfatının 20-ci ildönümünün ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu dövrə təsadüf etdiyini bildirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın və Xankəndinin işğaldan qurtulması ilə bağlı çıxışlarını xatırladaraq qeyd edib ki, Qarabağın azad edilməsi ümummilli lider Heydər Əliyevin arzusu və vəsiyyəti idi. O, gəncləri güclü təhsilə yiyələnməyə və ümummilli liderin dediyi kimi, “bir millət, iki dövlət” olan ölkələrimizə ləyaqətlə xidmət etməyə çağırıb.

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə tədbirin təşkilinə görə Anadolu Universiteti və Eskişehir Azərbaycanlılar Dərnəyinə minnətdarlığını bildirib.

 

Sonra Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini və diaspor quruculuğu haqqında fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib. Bilkənd Universitetinin müəllimi Prof. Dr. Əmrullah Məmmədov və Anadolu Universitetinin nəzdindəki Heydər Əliyev adına Tətbiq və Araşdırma Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılırın dahi şəxsiyyətə həsr olunmuş məruzələri dinlənilib.

 

Qeyd edək ki, anım tədbiri çərçivəsində Diaspora İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini V.Hacıyevin Anadolu Universitetinin rektoru F.Erdalla görüşü keçirilib. Görüş zamanı universitetin Eskişehir Azərbaycanlılar Dərnəyi ilə əməkdaşlığı yüksək qiymətləndirilib və bu dəstəyə görə minnətdarlıq ifadə edilib.

 

İsraildə...

 

İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan yəhudiləri” mövzusunda fotosərginın açılış mərasimi keçirilib.

 

Mərasimi giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin keçdiyi həyat yolunu, siyasi fəaliyyətinin müxtəlif mərhələlərini, onun rəhbərliyi altında yəhudi millətindən olan Azərbaycan vətəndaşlarının ölkəmizin müxtəlif sahələrinə layiqli töhfələrini əks etdirən sərgi barədə ətraflı məlumat verib.

 

Tədbirdə çıxış edən tanınmış jurnalist və siyasi şərhçi Mark Qorin öncə Azərbaycan və Ermənistan arasında tarixi bir hadisənin, uzun illər iki Qafqaz xalqı arasında davam edən fikir ayrılığına son qoyacaq sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın əldə olunması xəbərini iştirakçıların diqqətinə çatdırıb. 

 

Sonra jurnalist “Ən mavi dəniz kənarında” adlı yeni kitabını təqdim edib. Kitabda jurnalistin Azərbaycanda keçirdiyi illərdən, yalnız Azərbaycanda bir yəhudi üçün baş verə biləcək uğurlu karyera yüksəlişindən, dəniz kənarında yerləşən Bakı şəhərində yaşayan mehriban, qonaqpərvər insanlardan, adı əsrlər boyu Azərbaycan tarixində qalacaq müdrik rəhbər Heydər Əliyevdən bəhs edilib.

 

Tədbir iştirakçılarının adından jurnalistə Heydər Əliyevin 100 illiyi münasibətilə ivrit dilində nəşr olunmuş “Öndə gedən” kitabı hədiyyə olunub. Tədbirin bədii hissəsində jurnalist Lyudmila Kiselyovanın və şair Mixail Salmanın ifasında mahnılar və şeirlər səsləndirilib.

 

Moldovada...

 

Moldovadakı Azərbaycan diasporu da Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

 

Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyində Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Tədbirdə səfirliyin nümayəndələri, həmçinin Moldova Azərbaycanlıları Konqresinin (MAK) üzvləri iştirak ediblər.

 

Özbəkistanda...

 

Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anım günü ilə bağlı mərasim keçirilib.

 

Mərasimdə səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, Azərbaycan diasporunun üzvləri və jurnalistlər iştirak ediblər.

 

Əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və qonaqlar ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları səfirliyin foyesində təşkil olunmuş, ulu öndərin həyat və fəaliyyətinə həsr edilən foto və nəşr sərgisi ilə tanış olublar.

 

Tədbirdə çıxış edən səfir Hüseyn Quliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açaraq, onun Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən danışmış, bu görkəmli şəxsiyyətin xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını bildirib. O, müasir və müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf kursunu uğurla davam etdirməsini qeyd edib. 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsi haqqında danışan səfir Hüseyn Quliyev qeyd edib ki, bu, ulu öndərin vəsiyyətini yerinə yetirən, əcdadlarımızın torpaqlarını erməni işğalçılarından və vandallarından azad edən cənab Prezident İlham Əliyev bütün Azərbaycan xalqının qürurudur.

 

Daha sonra çıxış edən Özbəkistan-Azərbaycan dostluq cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov, yerli azərbaycanlılar və digər tədbir iştirakçıları ulu öndər haqqında öz fikir və mülahizələrini bölüşüb, ömrünü Azərbaycan xalqına və dövlətçiliyinə fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Mədəniyyət Mərkəzində və eləcədə də Daşkənd şəhərində yerləşən Heydər Əliyev parkındakı abidələrinin önünə gül dəstələri qoyulmaqla da böyük ehtiramla yad edilib.

 

Gürcüstanda...

 

Gürcüstanda fəaliyyət göstərən Alyans Gənclər Mərkəzinin kollektivi görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edib. 

 

Müasir Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad edilib. 

 

Qeyd edək ki, xaricdə yaşayan azərbaycanlılar “Heydər Əliyev İli” çərçivəsində 200-dən çox tədbir təşkil edib, müasir Azərbaycan dövlətinin ümummilli liderin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində daha da imkişaf etməsi ilə bağlı məlumatlatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok