Modern.az

Əgər prezidentimiz icazə versə, mən ona qardaş deyərəm - ABŞ-da yaşayan azərbaycanlı

Əgər prezidentimiz icazə versə, mən ona qardaş deyərəm - ABŞ-da yaşayan azərbaycanlı

Diaspor

13 Dekabr 2023, 16:08

“Mənim anam ağdamlı, atam isə şuşalıdır. 8 qardaşın bir bacısıyam, qardaşlarımın bir neçəsi dünyasını dəyişib. Həmişə qardaşlarımla mübahisə etmişəm, onlara əsəbiləşmişəm ki, mənim ata-anamın 8 oğlu var, amma məzarları əsirlikdədir. Bir gün olsun belə Qarabağı, işğalda olan torpaqlarımızı unutmamışdım. Torpaqlarımızın azadlığı mənim üçün dünyada ən böyük, ən mühüm bir hadisədir və buna görə çox xoşbəxtəm”.

 

Modern.az xəbər verir ki, bu sözləri əslən Şuşadan olan və hazırda ABŞ-da yaşayan diaspor fəalı, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyeva deyib.

 

O bildirib ki, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra 3 dəfə Şuşada, 2 dəfə Ağdamda olub: “Şuşada ata-baba evimizə getdim, ancaq 4 divar qalmışdı, bir pəncərədə də dəmir çərçivə - başqa da heç nə yox idi. Ərazilərimizi işğaldan azad edən əsgərlərimizə və Ali Baş Komandanımıza böyük minnətdarlıq hissi ilə yaşayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Əgər Prezidentimiz də icazə versə, mən ona qardaş deyərəm, çünki torpaqlarımızı azad etdi və atamın, anamın qəbri əsirlikdən azad oldu”. 

 

Z.Mirhadıyeva qeyd edib ki, Müzəffər Ali Baş Komandan öz ağlı və gücü ilə dünyaya Azərbaycan xalqının da gücünü göstərdi: “Xatırlayıram ki, Nyu-Yorka getmişdim, orada ABŞ-dakı icma üzvləri ilə birlikdə bayrağımızı qaldırırdıq, eyni vaxtda prezident İlham Əliyev Azərbaycanın bayrağını Xankəndidə qaldırırdı. Biz çox qürurluyduq. O günü heç vaxt unutmayacam. İndi Qarabağda gedən quruculuq işləri ilə də çox maraqlanıram, hətta gözləyirəm ki, Ağdam minalardan təmizlənsin və mənə icazə versinlər ki, orada şahmat-dama məktəbinin tikilməsində yaxından iştirak edim. Bilirsiniz ki, mən idman ustasıyam, əməkdar məşqçiyəm. Vaxtilə Bakıda beynəlxalq turnirlər təşkil edirdik, dünya çempionlarını dəvət edirdik. Mən indi istəyirəm ki, Ağdamda şahmat klubu açılsın və o vaxtkı “Sevil” turniri bərpa olunsun, dünyanın hər yerindən idmançılar gəlib Qarabağı görsünlər. Təkcə dama sahəsində Ağdamdan bir neçə Azərbaycan çempionu olub, onlar Avropa və dünya çempionatlarında yüksək yer tutublar. Çox arzu edirəm ki, bu nəticələr təkrar olunsun”.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok