Modern.az

İğdır şəhərində Heydər Əliyev yad edildi - FOTO

İğdır şəhərində Heydər Əliyev yad edildi - FOTO

15 Dekabr 2023, 10:14

Türkiyənin İğdır şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ilönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının və İğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə Heydər Əliyev adına liseydə baş tutan tədbirdə liseyin müəllim-tələbə heyəti və qonaqlar iştirak ediblər.  

 

Türkiyə Cümhuriyyətinin qurucusu Müstafa Kamal Atatürkün, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Türkiyənin və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

 

Tədbir dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyəti barədə məlumatın verilməsi, Heydər Əliyevin Qarabağ və Şuşa barədə fikrinin əks olunduğu videonun nümayişi ilə davam edib. 

 

Liseyin müdiri Yavuz Bağcı, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal çıxışlarında bildiriblər ki, Heydər Əliyev türk dünyasının yetişdirdiyi ən önəmli liderlərdən biridir. “İki dövlət, bir millət” sözünün sahibi olan Heydər Əliyevin Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin bünövrəsinin qoyulması, Türkiyə və Azərbaycan arasında qardaş münasibətlərinin gücləndirilməsi, türk dövlətlərinin bir araya gəlməsi istiqamətində misilsiz xidmətlər göstərdiyi diqqətə çatdırılıb. Xilaskar missiyasını fədakarcasına yerinə yetirmiş Heydər Əliyevin adının türk dünyasının tarixinə əbədi yazıldığı vurğulanıb.  

 

“Onu yaxından tanıdığım və Naxçıvana rəhbərlik etdiyi dövrdə onunla görüşdüyüm üçün özümü xoşbəxt insan hesab edirəm. Naxçıvanın çətin günlərində o, öz cəzarətli mövqeyi və davranışı ilə ermənilərin canına qorxu salmışdı. O, Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvanı ağır vəziyyətdən qurtararaq xilas etdi”, - deyə Sərdar Ünsal dahi şəxsiyyət haqqında xatirələrini bölüşüb. 

 

Qeyd edilib ki, ən ümdə arzusu Qarabağın işğaldan azad edilməsi olan Heydər Əliyevin indi ruhu şaddır, çünki onun yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok