Modern.az

Qarabağ əsilli diaspor fəalına Seul şəhərinin fəxri vətəndaşı adı verildi

Qarabağ əsilli diaspor fəalına Seul şəhərinin fəxri vətəndaşı adı verildi

Diaspor

15 Dekabr 2023, 14:48

Koreya Respublikasında yaşayan Azərbaycan icmasının fəal üzvü, Qarabağ əsilli Rahil Əhmədova Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

 

Soydaşımıza bu ad 10 il ərzində Koreya Respublikası nazirliklərinin nəzdində multikulturalizmlə bağlı siyasətlərin təklif edilməsi, multikultural problemlər haqqında məlumatlılığın artırılması və ölkədə əcnəbi sakinlərin sabit məskunlaşmasına dəstək vermək kimi sahələrdə göstərdiyi xidmətlərə görə verilib.

 

Təntənəli mükafatlandırma mərasimində Seul meri Oh Se-hoon soydaşımıza fəxri vətəndaş medalını və sertifikatını təqdim edib. Rahil Əhmədova mükafatı koreyalı həyat yoldaşı Lee Kyungdug və kiçik qızı Lee Arin ilə birlikdə qəbul edib.

 

Sonra isə bu il Seulun fəxri vətəndaşı seçilmiş 15 əcnəbi vətəndaş adından Rahil Əhmədova çıxış edib. O, fəxri ada layiq görüldüyü üçün Seul bələdiyyəsinə minnətdarlığını bildirib və həyata keçirdiyi layihələr barədə məlumat verib.

 

Qeyd edək ki, 1958-ci ildən başlayaraq Seul şəhərinin inkişafına mühüm töhfələr vermiş xarici vətəndaşlara fəxri vətəndaş adı verilir. Bu titulu qazananlar arasında Harvard Universitetinin professoru Maykl Sandel, dünya şöhrətli aktyor Ceki Çan, Koreya Respublikasının futbol üzrə yığma komandasının keçmiş baş məşqçisi Quus Hiddink və başqaları olub. Rahil Əhmədovaya qədər Azərbaycandan Seulun fəxri vətəndaşı adı yalnız Azərbaycanın Koreya Respublikasındakı səfiri Rövşən Cəmşidova (2012) təqdim olunub.

 

Yeri gəlmişkən, başa çatmaqda olan 2023-cü il soydaşımız üçün uğurlu il olub. Bu ilin oktyabrında Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi tərəfindən keçirilən multikulturalizm festivalında əsas mükafata (“Grand Prize”) layiq görülub.

 

2008-ci ildən Koreya Respublikasında yaşayan soydaşımız bu ölkəyə “Koreya Dövlət Təqaüd Proqramı” vasitəsilə gedib. Keimyung Universitetinin bakalavr, Kyunpuk Milli Universitetinin (Kyungpook National University) magistratura pillələrini bitirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi