Modern.az

Dünya azərbaycanlıları İlham Əliyevi təbrik etdilər

Dünya azərbaycanlıları İlham Əliyevi təbrik etdilər

Diaspor

27 Dekabr 2023, 13:26

Dünya azərbaycanlıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ediblər.

 

Kanadanın Alberta vilayətində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (ALACS) təsisçisi, Kalqari Universitetinin müəllimi, Dr. Səbinə İsgəndərova və prezidenti Ceyhun Nəcəflinin adından dövlət başçımıza ünvanlanan təbrik məktublarında xoş arzular və Prezidentin fəaliyyətinə dəstək ifadə edilib: “Sizə möhkəm can sağlığı, yeni uğurlar və uzun ömür arzulayırıq. Sizin liderliyiniz və xalqa bağlılığınız həm Azərbaycanda, həm də xaricdəki icmamızda çoxları üçün ilham mənbəyi olub. Azərbaycanda fevralda keçiriləcək seçkilər yaxınlaşdıqca, biz sizin namizədliyinizi dəstəklədiyimizi bildirmək istərdik. Sizin xalqı firavanlığa və sabitliyə doğru aparan liderliyinizə inanırıq. Biz də qarşıdan gələn seçkilərdə iştirak etməyə can atırıq. Kalqaridəki Azərbaycan icması vətənimizlə bağlı qalmaq və onun demokratik proseslərinə töhfə vermək dəyərlərinə sadiqdir. İstəyirik ki, seçkilərdə səsimiz eşidilsin, çünki hesab edirik ki, hər bir səs Azərbaycan üçün daha parlaq gələcəyə doğru bir addımdır”.

 

Dövlət başçımıza 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində uğurlar arzulayan cəmiyyət rəhbərləri səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarını bu seçkilərdə iştirak etməyə səsləyiblər.

 

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda da xoş arzular ifadə olunub: “Sizin uzaqgörənliyiniz və humanizminiz, milli və bəşəri dəyərlərə söykənən müdrikliyiniz, yüksək təşkilatçılıq və idarəetmə bacarığınız bütün dünya liderləri üçün örnəkdir, nümunədir”.

 

Gürcüstanın Tbilisi şəhərində yaşayan gənc alim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın Gürcüstan azərbaycanlılarının hər zaman Azərbaycan dövlətinin dəstəyini yüksək qiymətləndirdiyi, xüsusilə də təhsil sahəsinə yatırdığı sərmayələrin gənclərin maariflənməsində, sağlam düşüncəli fərd kimi yetişməsində böyük rol oynadığı minnətdarlıqla xatırlanıb: “Möhtərəm cənab Prezident! Sizə möhkəm can sağlığı və ali dövlət fəaliyyətinizdə uğurlar arzu edirəm. Azadlıq tarixin itməyən tək dəyəridir. Sizin rəhbərliyiniz, qətiyyətiniz və əzmkarlığınız sayəsində tarixi ədalət bərpa edildi. Azərbaycan həm hərb meydanında, həm də diplomatiya müstəvisində böyük qələbə əldə etdi”. 

 

Türkiyədə yaşayan Azərbaycanın əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Əmirulla Məmmədov və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədri Ədalət Turanın adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda minnətdarlıq və dəstək ifadə olunub: “Hörmətli cənab Prezident! Son 20 ildə respublikamızda cərəyan edən hadisələr və iqtisadi inkişaf, ordumuzun yenidən təsisi və dünya standartlarında müasir orduya dönüşməsi, ələlxüsus son 3 ildə Sizin – Ali Baş Komandanın rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın azad olunması, Ordumuzun Qarabağ torpaqlarındakı cahanşumul yürüşü və cənnət Vətənimizin hər qarış torpağında üçrəngli bayrağımızın dalğalanması biz azərbaycanlıların, o əyilmiş başımızın yenidən ucalmasını təmin etdi. Bunun üçün qədirbilən Azərbaycan xalqı Sizə və Müzəffər Ordumuza minnətdardır və heç bir zaman unutmayacaq. Biz Türkiyədə yaşayan və çalışan azərbaycanlı elm adamları Sizinlə nə qədər qürur duysaq, yenə də azdır. Azərbaycanımızın tarixinə Sizin adınız qızıl hərflərlə həkk olunub”. Qeyd edilib ki, dünyanın hər yerində yaşayan Azərbaycan vətəndaşları kimi, Türkiyədə yaşayan və çalışan azərbaycanlı elm adamları da 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində hürr iradə və istəkləri ilə səs verməyə gedəcəklər: “Şübhəsiz ki, bu seçkilərdə səsimiz Sizə – Müzəffər Ordumuzun Ali Baş Komandanına olacaq. İnanırıq və ümidliyik ki, bu seçkilərdə də Zəfər Sizinlə olacaq”. 

 

Polşada fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sədat Şamillinin adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda ulu öndər Heydər Əliyevin siyasi irsini böyük qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin  XXI əsrdə öz xalqı tərəfindən əvəzolunmaz lider kimi qəbul edildiyi diqqətə çatdırılıb: “XXI əsrin dünya siyasətində Azərbaycan Respublikası öz güclü siyasi iradəsi və dövlətçilik anlayışı ilə ulduz kimi parlamaqdadır. Bunun bariz nümunəsi 30 il sonra öz torpaqlarımızı qətiyyətli şəkildə geri qaytarmağımızdır. Biz həmişə Sizinlə qürur duymuşuq. İnanırıq ki, bundan sonrakı dövrdə də Azərbaycan xalqının rifahı üçün çalışacaqsınız. Qarşıdan gələn prezident seçkilərində Sizə tam və tükənməz dəstəyimizi bildirmək istəyirik. Hər zaman İlhamla irəli!”

 

Rusiyanın “Samara vilayəti Azərbaycan Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimovun adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda bildirilib ki, bu il dünya azərbaycanlıları Prezidentin doğum gününü böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edir: “Bu günü əlamətdar tarix edən ən başlıca amil isə “Heydər Əliyev İli”ndə ölkəmizin suverenliyinin tam bərpa olunması və ata vəsiyyətinin layiqincə yerinə yetirilməsi olub. Bu gün Azərbaycanın adı dünya ölkələri sırasında qürurla çəkilir. Hər birimiz azərbaycanlı olduğumuz üçün fəxr edirik. Bu qüruru bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, ailə səadəti arzulayır, Azərbaycanın rifahı naminə gördüyünüz işlərdə yeni-yeni uğurlar diləyirik. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, hər zaman Sizin yanınızdayıq!”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı