Modern.az

Xaricdə yaşayan soydaşlarımız: "Siz dünya azərbaycanlılarının Prezidentisiniz!”

Xaricdə yaşayan soydaşlarımız:

Diaspor

28 Dekabr 2023, 17:48

Dünya azərbaycanlıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü, Həmrəylik Günü və Yeni il münasibətilə təbriklər ünvanlayıb.

 

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) İdarə Heyəti və üzvləri adından ünvanlanan təbrik məktubunda bildirilib ki, Azərbaycanın tarixində çox böyük əhəmiyyəti olan Vətən müharibəsində qazanılan Qələbə nəticəsində Qarabağın işğaldan azad olunması dövlət başçımızın uzaqgörənliyi, müdrik rəhbərliyi, qətiyyətli qərarları, qələbəyə və xalqımıza inamı sayəsində əldə edilib: “Vətənin rifahı naminə səmərəli fəaliyyətiniz, işgüzar və şəxsi keyfiyyətləriniz, mürəkkəb məsələləri effektiv həll etmək bacarığınız haqlı olaraq Sizə doğma Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz və dərin hörmət qazandırıb. Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”. AAKŞ bəyan edib ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkisində İlham Əliyevə uğurlar arzulayır və səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşlarını bu seçkilərdə iştirak etməyə çağırır.

 

Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası üzrə “Azərbaycan Konqresi” ictimai təşkilatının fəxri prezidenti Şahin Məmmədov və konqresin sədri Murtaza Gülməmmədovun göndərdiyi təbrik məktubunda Şimali Osetiya-Alaniya Respublikasında yaşayan azərbaycanlıların birmənalı olaraq qarşıdan gələn növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədikləri bəyan edilib: “Sizə möhkəm cansağlığı, tükənməz enerji, nikbinlik, yeni nailiyyətlər, vətənimiz Azərbaycanın rifahı naminə gördüyünüz işlərdə uğurlar arzulayırıq. Siz istedadlı prezident, peşəkar idarəçi, enerjili, məsuliyyətli və hər zaman qalib gəlmək əzmində olan lider nüfuzuna maliksiniz. Sizin quruculuq və çoxşaxəli fəaliyyətiniz doğma vətənimizi güclü, tam müstəqil dövlətə çevirib, konstruktiv siyasətiniz isə beynəlxalq aləmdə geniş rəğbət doğurub. Biz sizinlə qürur duyuruq. Siz bizim Prezidentimizsiniz! Siz bütün dünya azərbaycanlılarının Prezidentisiniz!”

 

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Günel Səfərova bildirib ki, dövlət başçısımız tarixdə adı qızıl hərflərlə yazılan sərkərdələr sırasındadır: “Siz 30 ilə yaxın müddət ərzində işğal altında qalmış Qarabağımızı bizə – Azərbaycan xalqına qaytardınız. Azərbaycanın çağdaş tarixində unudulmaz zəfərə imza atdınız. Bu il Qarabağın tam olaraq separatizmdən təmizlənməsi və ərazi bütövlüyümüzün tam təmin edilməsi ilə xatırlanacaq. Buna görə Sizə minnətdarıq! Sizi doğum gününüz münasibətilə Fransada yaşayan azərbaycanlılar adından, xüsusilə Lion şəhərində fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbərliyi və bütün üzvləri adından səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər arzu edirik”. 

 

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanovun adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda xoş arzular, minnətdarlıq və dəstək ifadə olunub: “Doğum gününüz, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi təbrik edir, müstəqil, suveren və bütöv Azərbaycanımızın tərəqqisi, firavanlığı naminə yeni-yeni uğurlar diləyirəm. Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlı Sizi dəstəkləyir və fevralın 7-si Sizin tarixi qələbə sevincinizi səbirsizliklə gözləyir. Biz birlikdə güclüyük!”

 

Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənovun adından ünvanlanan müraciət “Biz fəxr edirik ki, dünya ölkələrinin nüfuzlu liderlərindən biri olan belə Prezidentimiz var” cümləsi ilə başlayıb: “Ali Baş Komandanın və Azərbaycanın rəşadətli ordusunun gözəl uğurları sayəsində indi biz azərbaycanlılar qürurla, başı uca yaşayır və çalışırıq. Siz layiqli övlad kimi öz parlaq nəticələrinizlə atanız, ümummilli lider Heydər Əliyevin bütün vəsiyyətlərini, nəsihətlərini, arzularını yerinə yetirdiniz, adınızı tarixə qızıl hərflərlə yazdınız. Siz Vətənin layiqli oğlu kimi öz fəaliyyətinizlə Azərbaycana səmimi məhəbbət göstərir, onun müstəqilliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini, hərtərəfli siyasi və iqtisadi inkişafını təmin edir, Azərbaycan xalqının rifahı naminə çoxlu işlər görürsünüz. Sizə və yaxınlarınıza cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə səmimi-qəlbdən uğurlar arzulayırıq!”.

 

İtaliyanın Milan şəhərində fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Mais Nuriyevin məktubunda qeyd edilib ki, Milandakı soydaşlarımız Azərbaycan dövlət başçısının daxili və xarici siyasətini böyük maraq və qürur hissilə izləyir: “Sizə ən səmimi-qəlbdən gələn təbrik və arzularımızı bildirmək istəyirik. Hər bir addımınızı qürurla dəstəkləməyi özümüzə şərəf və vəzifə borcu bilirik. Ölkəmizin tarixində açdığıniz şanlı səhifə üçün Sizə dərin minnərdarlığımızı bildiririk. Siz bizim fəxrimizsiniz. Biz vətən sevdalısı olaraq hər zaman sizi dəstəkləyir və yanınızdayıq”.

 

Rusiyanın Primorsk diyarında fəaliyyət göstərən Azərbaycan diasporunun “Dostluq” ictimai təşkilatının sədri Ramiz Zeynalov Prezidentin məqsədi müstəqil və firavan Azərbaycan qurmaq olan ali dövlət vəzifəsində səmərəli fəaliyyətinin ən dərin hörmətə layiq olduğu bəyan edib: “Sizi bütün dünyada görkəmli siyasətçi və diplomat, müdrik və uzaqgörən dövlət xadimi, öz Vətəninin vətənpərvəri kimi tanıyırlar. Bütün Azərbaycan xalqı üçün əlamətdar bu gündə Sizə möhkəm cansağlığı, güc, ailə rifahı, plan və ideyalarınızın həyata keçirilməsini arzulayırıq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı