Modern.az

Ural Federal Universitetində Nizami Gəncəvinin büstü qoyuldu - FOTO

Ural Federal Universitetində Nizami Gəncəvinin büstü qoyuldu - FOTO

Diaspor

29 Yanvar 2024, 17:32

Rusiyanın Yekaterinburq şəhərində yerləşən Ural Federal Universitetinin (UrFU) Azərbaycanşünaslıq Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimi keçirilib.

 

Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş konsulluğunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə baş tutan tədbirdə diplomatlarımız, yerli dövlət orqanlarının rəsmiləri, universitetin müəllim-tələbə heyəti və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbirdə iştirak edən qonaqlar arasında Sverdlovsk vilayəti üzrə “Azərbaycan – Ural” ictimai milli mədəniyyət təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın əməkdar artisti Mirzə Məmmədov, Mias Azərbaycan Diaspor Təşkilatının sədri, Çelyabinsk vilayətinin Mias şəhərindəki Azərbaycan diaspor təşkilatının sədri İrzan Qurbanov, “Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayəti üzrə sədri Toğrul Həsənzadə və başqaları da olub.

 

UrFU-nun rektoru Viktor Kokşarov, Sverdlovsk vilayətinin xarici iqtisadi əlaqələr nazirinin müavini Lyudmila Berq, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev, Ural Humanitar İnstitutunun direktoru Elvira Simanyuk, universitetin kafedra müdiri, tarix elmləri doktoru, Azərbaycanşünaslıq Mərkəzinin direktoru Aleksandr Nesterov, Dövlət Rəssamlıq Akademiyasının professoru, Nizami Gəncəvinin büstünün müəllifi Valentina Sokolova çıxışlarında dahi şairimizin dünya ədəbiyyatına bəxş etdiyi misilsiz töhfələrdən, ölkələrarası təhsil və mədəni-humanitar əlaqələrin dərinləşməsində ədəbiyyat və incəsənətin böyük əhəmiyyətindən danışıblar. Natiqlər UrFU-nun Azərbaycanşünaslıq Mərkəzində xalqımızın qüdrətli söz ustadının büstünun qoyulmasını əlamətdar hadisə kimi qiymətləndiriblər.

 

Tədbirin sonunda universitetin birinci kurs tələbəsi Xədicə Həsənzadənin ifasında Azərbaycan və rus dillərində dahi şairin əsərlərindən parçalar səsləndirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok