Modern.az

Rotterdam şəhərində “Gücümüz birlikdədir!” adlı tədbir keçirilib

Rotterdam şəhərində “Gücümüz birlikdədir!” adlı tədbir keçirilib

Diaspor

1 Fevral 2024, 15:50

Niderlandın Rotterdam şəhərindəki “T Klooster” teatr zalında “BİZ – Zəfər Yoluna Davam!” təşəbbüs qrupunun “Gücümüz birlikdədir!” adlı tədbiri və konserti keçirilib.

 

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılıgı ilə baş tutan tədbirdə Azərbaycanın Niderlanddakı səfirliyinin, Rotterdamdakı icmamızın nümayəndələri və Belçikadan qonaqlar iştirak ediblər.

 

Tədbir iştirakçılarını salamlayan “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva mürəkkəb dövrdə soydaşlarımızın Niderlandda birlik və həmrəylik nümayiş etdirməsinin önəmli olduğunu vurğulayıb, ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

 

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi adından xalqımıza qürur hissi yaşadan şəhidlərimizə, qəhrəman ordumuza və Ali Baş Komandana dərin minnətdarlıq ifadə edilib, 30 illik həsrətdən sonra ilk dəfə ölkəmizin bütün ərazisində Prezident seçkilərinin keçirilməsi mühüm tarixi hadisə adlandırılıb.

 

Sonra Azərbaycanın Niderlanddakı səfirliyinin birinci katibi Səbinə Sadıqlı səfirliyimizdə yaradılmış məntəqə seçki komissiyası haqqında məlumat verib və soydaşlarımızı maraqlandıran sualları cavablandırıb.

 

Tədbirdə çıxış edən Beniluks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qarşıdan gələn növbədənkənar Prezident seçkilərində səsvermə hüququ olan hər bir Azərbaycan vətəndaşını fəal olmağa dəvət edib.

 

Tədbir xanəndə Rəvanə Qurbanovanın konserti ilə başa çatıb. İstedadlı sənətçini Beynəlxalq Mugam Mərkəzinin solistləri – Rövşən Qurbanov (tar), əməkdar artist, Xəyyam Məmmədov (kamança), İlkin Əlizadə (piano) və Bəxtiyar Eybalıyev (nağara) müşayiət ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok