Modern.az

AŞPA-nın Azərbaycana qərəzli yanaşmasına son qoymasının vaxtı çatıb - İsrailli jurnalist

AŞPA-nın Azərbaycana qərəzli yanaşmasına son qoymasının vaxtı çatıb - İsrailli jurnalist

Diaspor

12 Fevral 2024, 16:20

“Beynəlxalq ictimaiyyətin riyakarlığa son qoyaraq dinc israillilərə qarşı törədilmiş 7 oktyabr qətliamını pisləməsinin, habelə AŞPA-nın Azərbaycana qarşı qərəzli yanaşmasına son qoymasının vaxtı çatıb. Eyni zamanda BMT-nin bütün dünyada münaqişələri dondurmaq əvəzinə, onların həllinə kömək etməsinin zamanı yetişib”.

 

Modern.az xəbər verir ki, bu fikirləri tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ölkəsinin populyar “Israel HaYom” nəşrində dərc olunmuş məqaləsində yazıb.

 

Beynəlxalq ictimaiyyətə ikili standartlara və riyakarlığa son qoymaq barədə çağırış edilən “Beynəlxalq ictimaiyyətin riyakarlığına son qoyulmalıdır” sərlövhəli yazıda ölkəmizin də sözügedən ədalətsizliyin mütəmadi olaraq hədəfinə çevrildiyi diqqətə çatdırılıb. Müəllif təəssüf hissi ilə qeyd edib ki, AŞPA-nın Estoniyadan olan üzvü Marina Kalyurand bu yaxınlarda Avropa ölkələrini İsrailin müttəfiqi olan və yəhudi dövlətinin neft və qazı təminatının 40%-ni qarşılayan Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb və nəticədə adıçəkilən qurum tərəfindən ölkəmizə qarşı ədalətsiz qətnamə qəbul edilib.

 

Estoniyalı deputatın “Azərbaycan ermənilərin istəklərini təmin etməli və onların Qarabağa qayıtmasına icazə verməlidir” bəyanatına toxunan israilli politoloq diqqətə çatdırıb ki, sözügedən ərazilər beynəlxalq hüquqi baxımdan möhkəm təsbit olunmaqla BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycanın tərkib hissəsi kimi tanınıb. 1990-cı illərdə Qarabağda bir milyon azərbaycanlının etnik təmizləməyə məruz qalması faktına AŞPA-nın illərlə susmasını kəskin qınayan müəllif son günlər bu təşkilatın erməniləri beynəlxalq hüquqa əsasən heç bir hüquqları olmayan bölgəyə qaytarmaq istəyinin haqlı hiddətə rəvac verdiyini bildirib.

 

Eyni zamanda qeyd olunub ki, Azərbaycan uzun illər AŞPA-nın diqqətini Cənubi Qafqazdakı reallığa yönəltməklə münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün mümkün səyləri göstərsə də, vəziyyətlə bağlı təşkilatın ədalətli münasibətini görməyib. Belə ki, Azərbaycanın ərazi bütövlüyündən danışdığı halda, Ermənistan tərəfinin yaydığı dezinformasiyanın arxasınca gedən AŞPA bu gün Cənubi Qafqazda mövcud vəziyyəti mümkün dərəcədə daha da siyasiləşdirməklə sülhü əsla hədəfləmir. İş o yerə gəlib çatıb ki, adıçəkilən təşkilat hətta BMT-nin ermənilərin regionu öz istəkləri ilə tərk etmiş olmaları barədə hesabatlarına da etibar etmək istəmir. Bütün deyilənlərin fonunda israilli politoloq AŞPA-nın sözügedən siyasətinin beynəlxalq sülhə və təhlükəsizliyə deyil, əksinə, sabitliyin pozulmasına xidmət etdiyini vurğulayıb.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.israelhayom.com/2024/02/09/the-hypocrisy-of-the-international-community-must-end/

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok