Modern.az

“Sakartvelos Respublika” qəzeti: “Xocalı soyqırımı – XX əsrin faciəsi”

“Sakartvelos Respublika” qəzeti: “Xocalı soyqırımı – XX əsrin faciəsi”

Diaspor

28 Fevral 2024, 15:48

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində tarixçi-alim, professor Quram Marxulianın “Xocalı soyqırımı – XX əsrın faciəsi” adlı məqaləsi dərc olunub. Məqalə Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilib.

 

Məqalə Ulu Öndər Heydər Əliyevin Xocalı soyqırımının mahiyyəti haqqında fikirləri ilə başlanıb. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında fikirləri diqqətə çatdırılıb.

 

Müəllif qeyd edir ki, qətlə yetirilmiş dinc azərbaycanlıların sayı ilə yanaşı, günahsız insanlara verilmiş işgəncələrə görə Xatın, Liditse, Oradur qətliamları ilə müqayisəyə gəlməyən Xocalı faciəsi bəşər tarixində insanlığa qarşı törədilmiş dəhşətli soyqırımı aktıdır və yaddaşlarda əbədi yaşayacaq.

 

Professor Q.Marxuliya Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını xüsusi vurğulayıb. Qeyd olunur ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycanın Dövlət Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

 

Məqalədə xatırladılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Xocalı şəhərində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub.  1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

 

Müəllif 1994-cü ildə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin “26 Fevral - Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul etdiyini, sənəddə hadisənin başvermə səbəbləri və təqsirkarlarının təfsilatı ilə açıqlandığını vurğulayıb.

 

Məqalədə bildirilir ki, Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” abidəsi ucaldılıb. Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası uğurlu nəticələrini ildən-ilə göstərir.

 

Müəllif qeyd edir ki, 2020-ci ilin sentyabrın 27-də başlanan və noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın edərək Zəfərə nail olub. Bununla da Xocalı soyqırımının qisası döyüş meydanında alınıb.

Sonda vurğulanır ki, Xocalı soyqırımını törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç zaman bu faciəni unutmayacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü