Modern.az

“Jewish Press” Vardanyandan yazdı

“Jewish Press” Vardanyandan yazdı

Diaspor

22 May 2024, 17:28

"Vardanyan öz çevrəsini tərk edərək Qarabağ bölgəsində məskunlaşan kolonialist olmağa qərar verən oliqarxdır"

 

Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham beynəlxalq yəhudi mediasının populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində yazıb. “Yeni soyqırımın elan edilməsi çağırışına baxmayaraq, erməni işğalçı kolonialistləri qurban deyil” sərlövhəli məqalə bu yaxınlarda Kaliforniyadakı erməni təşkilatı “Həqiqət və Ədalət Mərkəzi”nin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə Azərbaycanı Artsax ermənilərinin soyqırımında ittiham edən petisiya göndərməsi faktına diqqət çəkib.

 

Yazıda sözügedən iddiaya cavab olaraq qeyd olunub ki, keçən il Qarabağdan Ermənistana köçmüş ermənilər azərbaycanlılarla yanaşı yaşamaq istəmədiklərinə görə bunu ediblər və heç kim onları silah gücü ilə evlərindən çıxarmayıb. Habelə Ermənistanın özündə gələcək həyatlarını qurmaq üçün könüllü olaraq Qarabağı tərk etmiş mülki ermənilərə münasibətdə kütləvi qırğınlar, zorlamalar, işgəncələr və digər sağlamlığa xəsarət yetirmə halları qeydə alınmayıb.

 

Eyni zamanda diqqətə çatdırılıb ki, Ruben Vardanyan da daxil olmaqla həbs olunan erməni separatçılarının rəhbərliyinə qarşı görülmüş bu tədbir üçün Azərbaycan tərəfinin kifayət qədər əsasları olub. Müəllif Vardanyanın Azərbaycanın Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluğu maliyyələşdirmə), 279.3-cü (qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunduğuna və bu yaxınlarda erməni separatçısının həbs müddətinin uzadıldığına diqqət çəkib, separatçı rejim rəhbərliyinin qalan üzvlərinin törətdikləri analoji və ya daha ağır cinayətlərə görə mühakimə olunduğunu vurğulayıb.

 

Göstərilənlərə əsaslanaraq Vardanyan və silahdaşlarının qurban rolunda çıxış etməsinə və ya təqdim olunmasına qəti etiraz edən politoloq Vardanyanı öz çevrəsini tərk edərək Qarabağ bölgəsində məskunlaşan kolonialist olmağa qərar verən oliqarx adlandırıb. Müəllif Qarabağda deyil, Rusiyada doğulub boya-başa çatmış Vardanyanın əcdadlarının erməni olmasından başqa bölgə ilə heç bir bağlantısı olmadığını da diqqətə çatdırıb.   

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

 

//www.jewishpress.com/news/middle-east/azerbaijan/despite-call-for-declaring-new-genocide-armenian-colonialist-invaders-are-not-victims/2024/05/19/ 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?