Modern.az

ABŞ mətbuatı Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”ndən yazıb

ABŞ mətbuatı Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”ndən yazıb

Diaspor

25 İyun 2024, 10:14

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)  Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar beynəlxalq ictimaiyyətin Azərbaycana dərin hörmət və etimadını, ölkənin ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi səylərə verilən qiyməti əks etdirir.

 

Bu barədə tanınmış siyasi şərhçi və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş məqaləsində yazıb. "Azərbaycanda 2024-cü il Yaşıl Dünya Naminə Həmrəylik İli elan edilib" sərlövhəli məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il ölkəsində keçiriləcək COP29 konfransı öncəsi 2024-cü ili “Yaşıl dünya həmrəyliyi ili” elan edib. Sözügedən qərar Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə qlobal tərəfdaş olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Müəllif ölkəmizin qarşısına 1990-cı ilin baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq kimi iddialı hədəflər qoyduğuna diqqət çəkib.

 

Məqalədə həmçinin diqqətə çatdırılıb ki, 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını və 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu ratifikasiya etdikdən sonra Azərbaycan Respublikası qlobal iqlim dəyişmələrinin mənfi nəticələrinin yumşaldılması istiqamətində beynəlxalq səylərə fəal qoşulub. Ölkəmiz antropogen emissiyaların və istixana qazlarının atılmasının inventarının hazırlanması və müntəzəm olaraq yenilənməsi, o cümlədən milli məlumatların hazırlanması və bu məlumatların Konvensiyanın Katibliyinə təqdim edilməsi kimi öhdəliklər götürüb. Bütün bu öhdəliklərin sistemli şəkildə yerinə yetirildiyi qeyd olunan yazıda Azərbaycanın emissiyaların azaldılması üzrə qlobal səylərə artıq öz töhfəsini vermiş olduğu və verməkdə davam etdiyi bildirilib.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

//foreignpolicyblogs.com/2024/06/19/azerbaijan-declares-2024-green-world-solidarity-year/ 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada şok qərar-Bu şəxslər ölkədən qovulacaq