Modern.az

Rektorlardan Diaspor Komitəsinin Almaniyadakı forumuna reaksiya: Maraqlı platformadır

Rektorlardan Diaspor Komitəsinin Almaniyadakı forumuna reaksiya: Maraqlı platformadır

Diaspor

10 İyul 2024, 14:22

Bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Almaniyada “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” keçirilib. Forumda Azərbaycanın öndə gedən ali təhsil müəssisələrinin rektorları da iştirak edib.
 

Modern.az forumla bağlı rektorların təəssüratlarını öyrənib.
 

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildirib ki, Avropada yaşayan azərbaycanlı mühəndislər əsasən Azərbaycan universitetlərini bitirən mühəndislərdir:


“Az sayda mühəndislər var ki, onlar Avropanın digər universitetlərini bitiriblər. Forumda əsasən Almaniyada yaşayan mühəndislər iştirak edirdi. Bu o deməkdir ki, Almaniyada olan mühit mühəndis hazırlığı üçün kifayət qədər əlverişli mühitdir. Burada bir faktoru qeyd etmək istərdim: Almaniyada olan azərbaycanlı mühəndislərin əksəriyyəti Azərbaycan Texniki Universitetinin məzunlarıdır. Bu, Azərbaycan Texniki Universitetinin missiyasından irəli gəlir. Sovetlər Birliyində və indi də demək olar ki, Almaniya ilə tədqiqat aparan, təhsil mübadiləsi həyata keçirən, ciddi əlaqələri olan universitet Azərbaycan Texniki Universitetidir. Sadə faktlar var. DAAD təqaüdçülərinin hardasa 50 faizdən çoxu Azərbaycan Texniki Universitetinin payına düşür. Humboldt Təqaüdü alanların yarısı Azərbaycan Texniki Universitetinin payına düşür. Azərbaycan Texniki Universitetinin fəxri doktorlarının 15-dən 9-u Almaniya alimləridirlər. Bu onu göstərir ki, Azərbaycan Texniki Universiteti ciddi surətdə mühəndis hazırlığı ilə bağlı Almaniya mühəndis cəmiyyətinə, elmi-tədqiqat universitetlərinə inteqrasiya olunub. Digər tərəfdən, Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən professor-müəllim heyətinin bir hissəsi alman dilini mükəmməl bilirlər. Ümumiyyətlə, universitetlər daim inkişaf etməlidir, daha çox əlaqə qurmalıdır, elmin, tədqiqatın, təhsilin, innovasiyaların inteqrasiyasını həyata keçirməlidir, qarşılıqlı mübadilə aparmalıdır. Görünən ondan ibarətdir ki, mühəndislər üçün daha geniş profil, daha geniş meydan var. Bu meydanda çox işlərin inteqrasiya olunması lazımdır. Avropa mühəndis cəmiyyətinə inteqrasiyanın Azərbaycan universitetlərinə, o cümlədən Azərbaycan Texniki Universitetinə böyük əhəmiyyəti var və böyük avantajlar gətirə bilər”.


Rektorun sözlərinə görə, Avropa Birliyinin müəyyən proqramları var:

 

“Bu təhsil proqramlarına qoşulmaqda məqsəd bizim ölkəmiz üçün lazım olan mütəxəssislərin hazırlığını ordakı təcübədən istifadə edilməklə daha da ciddi formada inkişaf etdirməkdir ki, biz eyni imkanları formalaşdıraq, bir şəbəkə yaradaq və bu şəbəkədə ciddi nəticələr əldə edək. Bu nöqteyi-nəzədrdən Avropa Mühəndislər Forumunun çox böyük əhəmiyyəti var. İkinci əsas məsələ ondan ibarətdir ki, biz təhsil prosesini indiki texnologiyaların inkişafı prosesinə daha ciddi əlaqələndirməliyik. Digər bir məsələ var. Bu məsələ də çox ciddi görünməlidir. Almaniya və Avropa universitetləri və oradakı mühəndislər daim olaraq həm sənayedə çalışıblar, eyni zamanda öz universitetləri ilə əlaqələrini kəsmirlər. Bu nöqteyi- nəzərdən müasir dünyanın və müasir universitetlərin qarşısında duran məsələlərdən biri də sənaye ilə əməkdaşlıq məsələlərini ön plana çəkməkdir. Ən vacib məsələlərdən biri də həmin mühəndislərin Azərbaycan Texniki Universitetilə əməkdşlığının reallaşdırılmasıdır. Bununla bağlı ən qısa yol müəyyən layihə təkliflərinin verilməsidir. Bu istiqamətdə Almaniyada yaşayan mühəndislərin rolu çox böyük görünür.
Azərbaycan Texniki Universitetinin Almaniya mühəndisləri ilə bağlı son illər apardığı işləri var. Almaniyanın Brandenburq Texniki Universiteti Kottbus-Senftenberq ilə əməkdaşlığımız var. Almaniyanın Brandenburq Texniki Universiteti KottbusSenftenberq ilə 2022-ci ildə ali təhsilin magistratura səviyyəsində materialşünaslıq mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı müqavilə, həmçinin birgə doktorantura təhsili barədə ümumi saziş imzalanıb. Eyni zamanda ayrıca mübadilə proqramımız var. Bütün sahələr üzrə doktorluq hazırlığı üzrə ikili diplomlarımız var. Bununla bərabər, digər Almaniya universitetləri ilə əlaqələrimiz səviyyəsində biz bunları qiymətləndirərək Azərbaycan Texniki Universitetində Alman mühəndislik fakültəsi formalaşdırmışıq. Bu fakültə bizim Almaniya universitetləri ilə açar nöqtəsidir. Fakültədə 2 ixtisas - proseslərin avtomatlaşdırılması və mexatronika və robototexnika ixtisasları tədris olunur. Eyni zamanda fakültəni bilavasitə Avropa universitetləri, o cümlədən Almaniya universitetlərinin əlaqələri üzərində kökləmişik. Bu istiqamətdə biz Avropada, xüsusilə Almaniyada olan mühəndislərimizlə əlaqələr formalaşdırmışıq. Bununla bağlı əsas hədəf ondan ibarətdir ki, Almaniyada Azərbaycan Texniki Universitetinin 40-dan çox məzunu bu ölkənin universitetlərində çalışırlar”.

 

Rektor bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi tədbiri yüksək qiymətləndirir:
 

“Bu, Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa fəaliyyətinin tərkib hissəsi olmaqla bərabər, orijinal yanaşmadır, texniki universitetlərin inkişafı üçün əhəmiyyətli məsələdir. Burada təşkil olunan forumun gələcək perspektivləri böyükdür və düşünürəm ki, bu, komitənin işini bir az da artıracaq. Artıq diaspor özünün bu istiqamətdə fəaliyyətini formalaşdırıb. Bizim //elmidiaspor.edu.az/ portalımız var. Portalda dünyanın bir sıra ölkələrində olan alimlər qeydiyyatdan keçir. Bu da diaspor təhsilinin inkişafı üçün əhəmiyyətlidir. Bütün bunlar Diasporla İş üzrə Dövlət Komitəsinin aktiv fəaliyyəti nəticəsində formalaşır. Mən forumların təşkilinə görə komitənin rəhbərliyinə, təşkilatçılara minnətdarlığımı bildirirəm. Mühəndislərin bu prosesə cəlb olunması gələcək inkişafdan xəbər verir”.
 


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, forum yüksək səviyyədə keçirilib.


"Əvvəla Almaniyada və digər Avropa ölkələrində bizim mütəxəssislərimiz nüfuzlu şirkətlərdə çalışırlar. Berlində Azərbqaycan Mədəniyyət Mərkəzi var, forum da məhz orada baş tutdu. Foruma 200-ə yaxın azərbaycanlı mühəndis qatılmışdı. Kommunikasiya baxımından çox gözəl platforma idi. Mühəndislərimiz gördükləri işlər barəsində məlumatlar verdilər, Bakıdan gedən qonaqlarımız çıxışlar etdilər ki, aralarında mən də var idim. Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbin açılışında iştirak etdik. Bir sözlə, forum yüksək səviyyədə keçirildi. Qürurla deyə bilərik ki, Azərbaycanda dövlətçiliyimizə bağlı diasporumuz formalaşıb və fəaliyyət göstərir".


E.Qasımov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək dəyərləndirir:


“Komitənin həyata keçirdiyi tədbirlərdə təşkilatçılıq yüksək səviyyədə həyata keçirilir. Əsas odur ki, Avropada yaşayan azərbaycanlılarla sıx əlaqələr mövcuddur. Komitənin üzvləri də bütün tədbirlərdə sevərək iştirak edirlər. Avropada yaşayan mühəndislərimizin fəaliyyətini yüksək dəyərləndiririk. Həmin mühəndislərlə bizim ali məktəblərimiz arasında da əməkdaşlıq var. Orada işləyən həmyerlilərimizin bir çoxu Azərbaycan ali məktəblərinin məzunlarıdır”.
 

Rəşid Qarayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-