Modern.az

Laçın: ağrı, qürur, şərəf şəhəri!

Laçın: ağrı, qürur, şərəf şəhəri!

Diaspor

12 Avqust 2024, 22:10

Laçın “missiyamız” deyəsən hələ bitməyib. Ertəsi gün “Qərbi Azərbaycana dönüş” mövzusunda daha bir panelin iştirakçısı oluruq. Çox mühüm, əslində diaspora gənclərinin qarşıdakı fəaliyyəti üçün prioritet sayılacaq mövzuya həsr olunmuş bu paneli Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilova təşkil edib və əsas çıxışçılar Qərbi Azərbaycan icmasının təmsilçiləridir. Mənimlə birlikdə Laçına gəlmiş tarixçi həmkarım və doktorantım, t.ü.f.d. Əfşan Şəfiyeva da əvvəlcədən nəzərdə tutulmasa da, əslən İrəvan şəhərindən olduğu üçün bu panelə qatılır. İcmanın nümayəndələri onun yaranması, məqsədləri, eləcə də Qərbi Azərbaycan ərazilərinin tarixi, toponimləri, abidələri haqqında çox geniş, təfsilatlı və məzmunlu məlumatlar verirlər, Əfşan xanımın öz valideynlərinin doğma şəhəri olan İrəvana 14 yaşına qədər hər il etdiyi səfərlər və doğmalarından eşitdikləri xatirələrlə bağlı təəssüratları isə mövzuya xüsusi bir canlılıq, insani nəfəs verir. Müzakirələrin və gənclərin sualların gedişində mən də söhbətə qarışıram, müəyyən məsələlərə tarixi baxımdan aydınlıq gətirirəm. İstər İrəvanın, istərsə də Zəngəzur və digər ərazilərimizin itirilməsində yalnız erməni amilinin deyil, onları dəstəkləyən xarici qüvvələrin də roluna diqqət çəkirəm. Ermənistanın paytaxtı olduqdan sonra da İrəvan məsələsinin daim Cümhuriyyət Parlamentinin diqqətində qaldığı, bu məsələyə heç də nöqtə qoyulmadığı, Bakı azad edildikdən, Qarabağda qubernatorluq yaradıldıqdan sonra Rəsulzadənin “indi bizim Qarabağ məsələmiz yoxdur, necə ki, Bakı məsələmiz yoxdur. İndi bizim İrəvan məsələmiz var, Borçalı məsələmiz var” deyimini xatırladıram, Zəngəzuru tam nəzarətə götürməyə çalışan Xosrov bəyin səylərinin qarşısının məhz bölgədəki xarici qüvvələrin təzyiqi ilə alındığını, iki respublikanın hökumət başçıları - Nəsib bəy Yusufbəyli ilə Xatisyanın hərbi toqquşmaların dayandırılmasına dair 22 noyabr 1919-cu il sazişini imzalamağa sövq edildiyini yada salıram və bu günümüzlə bağlı paralellər aparıram. Avropa Şurasının Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Qarabağ ermənilərinin mütləq olaraq Qarabağa qayıtmasına dair son bəyanatını nümunə gətirirəm və İcmanın bu bəyanata münasibətinə dair sual verirəm. Qərbi Azərbaycan İcması Aparatının rəhbəri Qalib Qasımov bu təxribatçı bəyanata verilən cavabı səsləndirir.   

    Rəsulzadənin təbirincə deyilərsə, Qarabağ məsələsinin tam şəkildə həllindən, ölkə başçısının bu məsələdə istənilən xarici hücumlara qarşı qətiyyətli mövqeyindən sonra hazırda məhz Qərbi Azərbaycan məsələsinin, hər hansı siyasi həllindən ya durumundan asılı olmayaraq, gündəmdə qalması labüddür və zənnimcə, bu mövzuda panel diaspor gənclərinin qarşıdakı çalışmalarını müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Düşərgə iştirakçıları arasında ata-babaları əslən Qərbi Azərbaycandan olan xeyli gənc var, suallar verirlər, mövqe bildirirlər, bu məsələyə dair yaşadıqları ölkələrdə fəaliyyət dairəsi ətrafında müzakirələr başlayır, müxtəlif təkliflər səslənir. Mövzu seçimi, təşkili və idarəçiliyi üçün Esmira xanım Xəlilovaya respekt!

      Ümumiyyətlə təəssüratlar genişdir, iki gün ərzində gənclərlə, eləcə də Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşları ilə geniş ünsiyyətdən şəxsən iştirak etmədiyimiz panellər haqqında da geniş məlumatlarımız var. Məs., Komitənin şöbə müdiri, tanınmış jurnalist Vəsilə xanım Vahidqızının moderatorluğu ilə keçən “Laçınlılar Laçında” paneli öz yüksək emosional təsiri ilə yadda qalıb. Vəsilə xanımın özünün də Laçından olması və bu paneli vaxtı ilə bitirdiyi, hazırda abad edilib yeni istifadəyə verilən doğma məktəbində, bu məktəbin tanınmış məzunlarının iştirakı ilə təşkil etməsi görüşün təsir gücünü daha da artırıb.

  Laçınlıların, o cümlədən xaricdəki soydaşlarımızın öz torpaqlarına bağlılığının elə düşərgə günlərində canlı şahidiyəm.6 il əvvəl Sankt-Peterburqda bir konfransda iştirak zamanı Əfşan Şəfiyevanın uzun illər bu şəhərdə yaşayan keçmiş tələbə yoldaşı, indi iş adamı, əslən Laçından olan Ruzbeh Abışovlatanış olmuşduq, Laçın dilindən düşmürdü. İndi həmin keçmiş tələbələrdən daha biri – Diaspora Komitəsinin əməkdaşı Vüqar Əhmədovdan öyrənirik ki, Ruzbeh bəy hazırda Laçındadır və ata-baba evinin əsaslı təmiri ilə məşğuldur. Az sonra Ruzbeh özü də gəlir, çox səmimi görüşürük, söhbətləşirik, xoşbəxtdir, razıdır. Hələ Vətənə tam qayıtmaq imkanı yoxdur, amma 86 yaşlı anasının bütün qalan ömrünü məcburən tərk etdiyi bu torpaqlarda tam rahat yaşaması üçün əlindən gələni əsirgəməyəcək...  

    “Laçın və laçınlılar” paneli haqqında əvvəlcədən məlumatım olmadığına çox təəssüf edirəm. Belə ki, daha bir laçınlını, ən həssas Laçın təəssübkeşi saydığım bir FB dostumu – Ukraynanın Dnepr şəhərində yaşayan və bu ölkədəki diasporumuzun əsas simalarından olan Eldar Tağıyevin də Laçına, bu paneldə iştiraka dəvət olunmasını mütləq Vəsilə xanımdan xahiş edərdim. Eldar bəyin həm də peşəkar tarixçi, sosial şəbəkələrdə yalnız doğulduğu doğma torpağa deyil, Vətən Azərbaycana səmimi sevgisini tarixi mövzularda şərh edən, geniş maarifçilik fəaliyyəti ilə məşğul olan, eləcə də tariximizin saxtalaşdırılmasına qarşı ardıcıl mübarizə aparan bir Diaspor nümayəndəsi kimi yalnız laçınlılara aid paneldə deyil, ümumən Düşərgə iştirakçıları qarşısında çıxış etməsi çox faydalı olardı. Bu baxımdan düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor ziyalıları” adlı daha bir kompakt fəaliyyət istiqaməti açmaq (diaspor rəhbərləri toplantıları və dünya azərbaycanlıları forumları ilə qarışdırmamalı) və yaşadığı xarici ölkədə hər hansı göstəriş, maddi dəstək olmadan, öz könlünün səsi, vicdanı, vətənpərvərliyi ilə Azərbaycana təmənnasız xidmət edən ayrı-ayrı parlaq ziyalı soydaşlarımızı bir araya gətirmək, onları dinləmək və fəaliyyət dairələrini müəyyənləşdirmək çox uğurlu bir addım olardı. Diaspor Gəncləri bizim gələcəyimizdirsə, Diaspor Ziyalıları bizim bu günümüzdür. Artıq yetişmiş, formalaşmış bu insanların güclü potensialından və təcrübəsindən lazımınca faydalanmaq və onları məqsədyönlü şəkildə diaspor gəncləri ilə əlaqələndirmək diaspor sahəsində işə yeni bir nəfəs verərdi. Hələ yalnız mənim bildiyim qədər, İsveçdə filoloq və riyaziyyatçı alim Səadət xanım Kərimi, Rusiyada prof. Kamran Rüstəmov, Polşada tarixçi alim Şəhla Kazımova, Ukraynada tarixçi Eldar Tağıyev və d. “Tək əldən də səs çıxar” deyimini tam mənası ilə təsdiq edən diaspor ziyalılarımızdandırlar. Komitənin bu sahədə təcrübəsi və əlaqələri var, təbliğat və informasiya sahələrinə rəhbərlik edən Vəsilə xanım Vahidqızı demək olar ki, bütün ölkələrdə bu sıradan soydaşlarımızı tanıyır və yəqin ki, onların da öz “düşərgəsini” təşkil etmək elə də müşkül olmazdı.            

  Yeri gəlmişkən, V yay düşərgəsinin əsl sensasiyası – türk astronavtının iştirakı ilə keçirilən panel də Vəsilə xanımın adı və zəhməti ilə bağlıdır. Anası bakılı olan Türkiyə astronavtı Tuva Cahangir Atasevəri axtarıb tapmaq, ünsiyyət qurmaq, daha sonra iki ölkənin müxtəlif rəsmi qurumları qatılmaqla onun Laçına gəlməyini təşkil etmək Vəsilə xanımın peşəkarlığı ilə yanaşı şəxsi arzu və inadının nəticəsidir. Tuva Cahangir sadəcə astronavt deyil, kosmosa Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını və Xarı Bülbül nişanını da aparan bir türk övladıdır. Və indi kosmosda olmuş həmin nişanı diaspor gənclərinə nümayiş etdirərkən emosiyaların və alqışların dərəcəsini ifadə etməyə ehtiyac varmı...

   Nəhayət, AR Diasporla İş üzrə Dövlət Komitəsinin bütün kollektivinin artıq 4-cü dəfə iştirak etdiyim yay düşərgələrinin keçirilməsində nümayiş etdirdikləri fenomenal təşkilatçılıq, peşəkarlıq, təşəbbüskarlıq, olduqca böyük zəhmət, səbir, hövsələ, diqqət, nəzakət və d. xüsusiyyətlərini qeyd etmək istərdim. Hər il yay düşərgələrinə gələn gənclərin və təmsil olunduqları ölkələrin sayının artması kollektivin bu nəhəng işin ağırlığından heç də çəkinmədiyini göstərir. Belə ki, “Gənclər Yaşıl Dünya Naminə” devizi altında keçirilən Diaspor Gənclərinin V yay düşərgəsində artıq bütün qitələri əhatə edən 60 ölkədən 115 nəfər gənc soydaşımız iştirak edirdi. Vətənə gəlməyi arzulayan gənclərin sayının da ildən-ilə artdığı nəzərə alınarsa, aylar boyu onlarla yazışmaq, sənədlərini öyrənmək, yaşadıqları ölkələrdə Azərbaycan naminə gördükləri işlərin fonunda seçim etməklə başlanan bu layihənin davamı kimi görülən işlərə diqqət yetirin: gənclərdən hər birinin yol biletlərinin alınması, Bakıda qarşılanması, yerləşdirilməsi, düşərgə məkanına aparılması, sağlamlığının və təhlükəsizliyinin təmin olunması, 7 gün ərzində məşğuliyyət proqramlarının hazırlanması, ictimai-siyasi-tarixi mövzularda panellərdən tutmuş bilik, əyləncə, idman yarışlarının təşkili, gənclərin bu tədbirlərdə iştirakının, boş saatlarda isə istirahətinin təmin edilməsi, düşərgənin keçirildiyi bölgənin tarixi yerləri ilə tanışlıq (bu halda, Şuşaya, Xankəndinə səfərlər) və s., və s. Zənnimcə, 7 günə sığışan işlərin aylarla sürən hazırlıq mərhələlərini və bu 7 gündə keçirilən tədbirlərin heç də hamısını əhatə edə bilmədim. Təbii ki, bu haqda tam məlumatlı da deyiləm. Amma, inanın, Laçının o dağ istisində, xüsusilə günorta saatlarında qızmar günəş altında, daha sonra gecədənxeyli keçmişə qədər yatmaq bilməyən, çalan-oxuyan, rəqs edəngənclərin daim yanında olan, ətrafında dolaşan Komitə əməkdaşlarının yuxusuz, yorğun, halsız, amma hər kəsə açıq, alicənab və təbəssümlü simaları məndə sanki bu kollektivin özünün seçmə insanlardan yığıldığı təəssüratı yaradır. Düşərgənin bağlanış mərasimindən bir gün öncə Komitənin hər region üzrə kuratorlarının öz “uşaqları” ilə keçirdikləri görüşlərin ikisində (Qərb ölkələri üzrə - Leyla xanım Həmzəyeva, MDB ölkələri üzrə - Ruslan Quliyev) iştirak edərkən və onların dialoqlarını dinləyərkən diaspor gəncləri ilə işin nə dərəcədə düşünülmüş və gələcəyə ünvanlanmış şəkildə qurulduğunun şahidi oluram. Təəssüf ki, ünsiyyətdə olduğumuz Komitə əməkdaşlarının hamısının adlarını çəkmək imkanım yoxdur. Amma hamısını salamlayır və təşəkkürümü bildirirəm.  

   Sonda bütün bu kollektivə rəhbərlik edən və heç kəsi “yumşalmağa” qoymayan Diasporla iş üzrə Dövlət Komitəsininrəhbəri Fuad Muradovun adını xüsusi vurğulamaqla, eləcə də M.Ə.Rəsulzadənin 140 illiyi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Türkiyə (İstanbul), İsveç (Stokholm) və Polşada (Krakov) həmin ölkələrin toplam diaspor təşkilatları və Azərbaycan alimlərinin iştirakı ilə keçirilən yubiley tədbirləri - elmi konfranslara verdiyi dəstəyə görə Fuad müəllimə ayrıca təşəkkür etməklə sözümü burada bitirə bilərdim. 

    Amma bir məsələnin üstündən keçib getmək istəmirəm. Bütün işlək qurumlar kimi təbii ki, Diaspor Komitəsinin də işində müəyyən çatışmazlıqlar ola bilər, var və bu, təbiidir. Amma bu qurumun fəaliyyətindən az-çox məlumatlı birisi kimi, onun nədənsə müəyyən media, internet resursları, bəzi qurumlar tərəfindən mütəmadi tənqid olunduğu və bu tənqidin də çox vaxt məqsədyönlü xarakter daşıdığı təəssüratı böyük narahatlıq doğurur. Hər bir işdə sağlam tənqid lazımdır, vacibdir, amma “heç bir iş görmür”, “nə işlə məşğuldur, məlum deyil” kimi ümumi ritorika artıq tənqid deyil, qərəzdir. Bu Komitənin “nə işlə” məşğul olduğuna elə təkcə mən özüm neçə nümunə gətirdim, indi isə narahatlığa əsas verən bir nümunə: Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətini geniş işıqlandıran “Diaspor TV” internet kanalı qarşısında, sanki başqa bir ad yoxmuş kimi, məhz “DiasporA Tv” adlı kanal açmaq, fərqli qurum olduğunu anlatmadan, müsahiblərini çaşdıraraq Dövlət Komitəsinin fəaliyyətinin tənqidinə yönəlik müsahibələr almaq – nə deməkdir?... Xaricdə yaşayan və Dövlət Diaspora Komitəsinin fəaliyyətindən narazı olan bəzi soydaşlarımızın təbii ki, alternativ birliklər yaratmaq, hətta öz TV kanallarını açmaq haqları qəbulediləndir. Amma o kanala məhz bir hərf artırmaqla oxşar ad verməkdə məqsəd nədir? 

   Əgər bu yeni, alternativ birliklər öz qarşılarına xaricdəki azərbaycanlıların təşkilatlanması və fəaliyyət dairələrinin genişlənməsi məqsədindən daha əvvəl Dövlət Diaspor Komitəsi ilə “yarışmaq” və bu yolla Azərbaycan dövlətinin “diqqətini” cəlb etmək məqsədi qoyurlarsa, bu ümumi işə zərərdən, diaspor fəaliyyətini isə bütünlüklə nüfuzdan salmaqdan başqa heç nə gətirməz.

    Mən bu alternativ diaspor qurumların üzvlərindən bəzilərini şəxsən tanıyıram, onların Vətən naminə çalışmaq kimi xoş niyyətlərinə şübhə etmirəm, amma seçdikləri yol budursa, naqisdir. Əslində diaspor təşkilatları təmsil etdikləri Vətənin deyil, yaşadıqları ölkələrin dövlət və ictimai qurumları ilə sıx əlaqədə çalışmalı, bu ölkələrin cəmiyyətlərinə və siyasi dairələrinə inteqrasiya olunmalı, onlardan da maliyyə dəstəyi almalıdırlar. Əlbəttə, bu zaman onların həmin qurumlar qarşısında özlərini məhz işlək və nüfuzlu diaspor təşkilatı kimi təsdiq etməsi tələb olunur.   

     Azərbaycanımızın bu gün beynəlxalq aləmdə ən müxtəlif münasibətlərlə üzləşdiyi bir zamanda xaricdəki diaspora təşkilatlarının yaşadıqları ölkələrdə təbliğatçı, hətta lobbiçilik rolu xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Odur ki, yaşından və tutduğu mənsəbdən asılı olmayaraq bu sahədə fəaliyyət göstərən xaricdəki bütün soydaşlarımıza indi-indi formalaşan Azərbaycan diaspor hərəkatını parçalamamağı, əksinə yeni-yeni qruplar, birliklər halında bu hərəkatı qüvvətləndirməyi, birgə layihələr üzərində çalışmağı arzulayıram.

 

Tarix elmləri doktoru, professor

Solmaz Rüstəmova-Tohidi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ