Modern.az

Rusiyada təzyiqlər davam edir: azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ

Rusiyada təzyiqlər davam edir: azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ

Diaspor

9 Sentyabr 2025, 16:32

Rusiyanın İvanovo Vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti regional ictimai təşkilatının sədri və iş adamı Asif Məmmədov qarşıdan gələn regional Duma seçkilərində iştirakdan imtina edib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı tanınmış teleaparıcı Ruslan Ostaşko özünün “Telegram” kanalında paylaşıb.

Asif Məmmədovun namizədliyi hakim “Vahid Rusiya” partiyasının yerli təşkilatının siyahısına daxil edilmişdi. Lakin bundan dərhal sonra Rusiya mediasında və bir sıra təbliğatçılar arasında ona qarşı kampaniya başlanıb.

İddia edilib ki, Asif Məmmədov “rus dilində sərbəst danışa bilmir” və vaxtilə Azərbaycan prezidentinə təşəkkür məktubu göndərib. Bu arqumentlər əsasında onun İvanovo kimi “təmamilə rus bölgəsində” deputatlığa namizədliyinin “qəbuledilməz” olduğu qeyd edilib.

Rusiya təbliğat maşınının tanınmış simalarından olan Sergey Mardan hətta xəbərdarlıq edib ki, əgər Məmmədovun namizədliyi geri götürülməsə, məsələ federal miqyasda qalxacaq və həm “Vahid Rusiya”nın vilayət rəhbərliyi, həm də qubernator məsuliyyət daşıyacaq. Bu təzyiqlərin fonunda partiya Asif Məmmədovun namizədliyini geri götürdüyünü, bununla da “ictimai narazılığa reaksiya verdiyini” açıqlayıb. İvanovo vilayət seçki komissiyası artıq onun adını rəsmi siyahıdan çıxarıb.

Asif Məmmədov əslən Füzuli rayonundandır. O, 2020-ci ildə vəfat edən tanınmış iş adamı və İvanovo azərbaycanlılarının lideri Sərraf Məmmədovun qardaşıdır. Ailənin digər nümayəndəsi Ruslan Məmmədov hazırda İvanovo Dumasında deputatdır, lakin bu dəfə seçkilərdə iştirak etməyib və yaxın vaxtlarda mandatını itirəcək.

Rusiya mətbuatının yazdığına görə, Asif Məmmədov məhz onun yerini tutmağa hazırlaşırdı, lakin yaranmış rezonans nəticəsində seçkilərdən çəkilməyə məcbur qaldı.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?