Modern.az

“Türkiyə Avropa İttifaqında Britaniyanın yerini tuta bilər”

“Türkiyə Avropa İttifaqında Britaniyanın yerini tuta bilər”

24 İyun 2016, 16:01

Böyük Britaniyanın Avropa İttifaqından çıxması əslində Britaniyanın özünə daha çox təsir edəcək və bu qərar Britaniya iqtisadiyyatını ciddi şəkildə silkələyəcək.
İkitərəfli əlaqələrin rolunu nəzərə alsaq, bu qərar Avropa Birliyi ölkələrinə də dünya iqtisadiyyatına da ciddi təsir göstərəcək”.

Bu sözləri Modern.az saytına açıqlamasında iqtisadçı Natiq Cəfərli Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının gələcək iqtisadi təsirlərini şərh edərkən deyib.

O, bildirib ki, Britaniyanın Avropa Birliyindən çıxması artıq bu gündən dünya fond birjalarında və enerji bazarında öz mənfi təsirini göstərir:

“Bu gün bütün dünya birjalarında dərəcələrin, xammal qiymətlərinin endiyi görünür. Neftin, qızılın qiyməti 6 faiz aşağı düşüb.

Artıq funt-sterlinq son 30 ildə ən aşağı qiymətə düşüb. Bu dalğalanma təbii ki, hələ bir neçə gün dünya iqtisadiyyatında, birjalarda davam edəcək.

Bundan sonra sakit və soyuq başla bu tendesniyanın nə zamana qədər davam edəcəyi haqda danışıqlar aparmaq olar.

Yaxın 1 həftə və 10 gündə çox ciddi satışlar olacaq. Bu da bütün iqtisadi münasibətlərə həm Avropa Birliyi, həm də Amerika ilə Asiya bazarlarına təsir edəcək. Yaponiya və Çində də bu gün ciddi çöküşlər müşahidə olunmağa başlayıb”.

İqtisadçı deyib, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi həmçinin bir sıra siyasi problemlər də yaradacaq.

Natiq Cəfərli hesab edir ki, Britaniyanın bu qərarı artıq bundan sonra Avropanın cəlbediciliyi itirməsinə səbəb olacaq:

“Böyük Brityanın Avropa İttifaqından çıxması siyasi məsələlərə də çox ciddi təsir edəcək. Avropa İttifaqı bu referendumdan sonra uğurlu birlik modeli kimi öz cəlbediciliyini itirə bilər.

Böyük Britaniyadan sonra bir neçə Avropa ölkəsinin də Avropa İttifaqından çıxması real görünür.

Əslində Britaniyanın Avropa Birliyində üstünlüyü simvolik xarakter daşıyırdı. Çünki Britaniya hələ avrozonaya daxil olmamışdı. Britaniya hətta şengen vizasına daxil deyil və ayrıca bir viza rejimi var”.

Eskpert hesab edir ki, Britaniyanın Avropa İttifaqından çıxması ilə artıq Avropa İttifaqı dağıla da bilər:

“Onsuz da Avropanın böyük yükü Almaniyanın üzərindədir. Sadəcə Almaniyanın özündə də Avropa İttifaqına pis baxan, orada qalmağı mənasız hesab edən güclü bir axın yaranıb.

Günün birində hətta Almaniyanın da referendum keçirərək, Avropa İttifaqından çıxması bu  qurumun dağılmasına gətirib çıxara bilər. Mənim fikrimcə, bir müddət sonra artıq Avropa Birliyi iki yerə olmaqla yüksək və orta liqaya bölünəcək.

Bir qrup ölkələr, Avropa İttifaqının 1-ci liqasında - avrozonada qala biləcək. Amma Avropa Birliyinin ağır yükünü daşıya və iqtisadi çətinliklərinə tab gətirə bilməyən ölkələr qurumdan  çıxacaq. İkinci, orta liqada olan Avropa ölkələri ayrıca bir birlik yaradacaqlar”.

Natiq Cəfərli bildirib ki, Böyük Britaniya Türkiyəyə Avropa İttifaqına girməyə mane olan əsas ölkə idi və artıq budan sonra Türkiyə hətta Avropa Birliyinə qatılmaqla Britaniyan da yerini tuta bilər:

“Əslində bundan sonra Türkiyənin Avropa İttifaqına girməsi çox aktual olacaq və bunun çox böyük siyasi və iqtisadi əhəmiyyəti olacaq.

Yəni Türkiyə Avropa İttifaqında Böyük Britaniyanın yerini tuta bilər. Bu günə qədər Türkiyənin Avropa İttifaqına girməsinə mane olanlardan biri də Böyük Britaniya idi.

Hətta Devid Kemeron deyirdi ki, Türkiyə 3000-ci ilə qədər, 1000 il Avropa İtiffaqına üzv ola bilməyəcək.

Artıq bundan sonra Türkiyənin gələcəkdə Böyük Britaniyanın yerini tutması gözlənilir. Türkiyə bu yoldan dönməməlidir. Çünki Türkiyə gələcəkdə Avropa Birliyini xilas edə biləcək ölkəyə çevrilə bilər.

Avropa İttifaqının yeni nəfəsə və iqtisadi münasibətlərdə yeni yanaşmaya ehtiyacı var. Düzdür, Türkiyənin Böyük Britaniyanın yerini tutması çətin başa gəlsə də, bu yoldan və mübarizədən əl çəkməməlidir”.

 

Ağa AKİFOĞLU

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər