Neft və qaz ixracından gələn valyuta gəlirlərinin azalması səbəbindən Türkmənistan hakimiyyəti yerli şirkətlərə və əhaliyə valyuta satışını məhdudlaşdırıb. Modern.az xarici mediaya istinadən bildirir ki, yerli iş adamlarından birinin sözlərinə görə, Türkmənistan Mərkəzi Bankı yerli şirkətlərə valyuta satışını tamamilə dayandırıb.
Onlar valyutanı yalnız kommersiya banklarından ala bilərlər, ancaq bu banklarda da valyuta ehtiyatlarını əldə etmək bu və ya digər dərəcədə məhdudlaşdırılıb.
Digər biznesmen isə deyib ki, valyutanı indi sərbəst şəkildə əldə etmək imkanı yalnız ölkə iqtisadiyyatı, yaxud imici üçün vacib layihələri reallaşdırmaqla mümkündür. Bu zaman ilk sırada Türkmənistan, Əfqanıstan və Hindistan marşrutu ilə keçəcək TAPI qaz kəmərinin tikintisi, sonra 2017-ci ilin payızında Aşqabadda nəzərdə tutulan Asiya oyunlarının qapalı yerlərdə keçirilməsi üçün infrastrukturun tikintisidir.
2016-cı ilin yanvar ayından Mərkəzi Bank hüquqi şəxslərin yalnız 10 min dollar qədərində xarici valyuta əldə etmək imkanını müəyyənləşdirib. Ancaq türkmən biznesmenlərdən biri deyib ki, o 10 min dollar əvəzinə öz bankından yalnız 500 dollar ala bilib.
Əhaliyə də valyuta satışı məhdudlaşdırılıb. Qüvvədə olan qaydaya görə fiziki şəxs aylıq əmək haqqından yuxarı olmayan qədər dollar və ya avro ala bilər. Ölkədə minimal əmək haqqı 590 türkmən manatıdır, bu da rəsmi kursla 168,5 dollar edir.
2016-cı ilin iyun ayından xaricdən pul köçürənlər yalnız manatla onu ala bilirlər. Valyuta satışının məhdudlaşdırılmasının başlıca səbəbi enerji ehtiyatlarından gələn gəlirin azalması ilə izah olunur. 2015-ci ildə Türkmənistanın ixracdan gəliri 38,5 faiz, bu ilin birinci rübündə isə 41,5 faiz azalıb.
Modern.az