Vladimir Putin Rusiyanın yeni liderinin hansı kriteriyalara cavab verməli olduğundan danışıb. Modern.az saytı xəbər verir ki, Rusiya prezidenti “Bloomberg”ə müsahibəsində deyib ki, ölkənin yeni lideri gənc, təcrübəli, yetişmiş bir insan olmalıdır.
Putin Rusiyanın 2018-ci ildən sonrakı planlarından da söz açıb.
Prezidentin sözlərinə görə, hakimiyyət orqanlarındakı kolleqaları ölkənin 2018-ci ildən sonrakı gələcək inkişaf strategiyasını hazırlayırlar.
Kreml başçısı gələcək prezident seçkilərində iştirakı ilə bağlı suala da cavab verib:
“Mən hələ bu barədə qərar verməmişəm. Sentyabrda parlament seçkiləri keçiriləcək. İşləmək, planların reallaşdırılmasına, insanların yaşayış səviyyəsinin yüksəldilməsinə, iqtisadiyyatın inkişafına, müdafiə qabiliyyətinin artırılmasına nail olmaq lazımdır. Bu məsələlərin həllindən asılı olaraq 2018-ci ildəki prezident seçkilərində iştirak haqqında düşünmək olar ”.
Putin onu da bildirib ki, seçkilərdə qalib gəlməsinin xüsusi bir sirri yoxdur. “Burada hansı sirr ola bilər?! Məndə sirr yoxdur. Sadəcə həmişə insanların əhval-ruhiyyəsini, onların ehtiyaclarını hiss etməyə çalışıram. Mənə elə gəlir ki, belə vacib işlə məşğul olduğuma görə, Rusiya xalqı mənə etibar etdi”.
Aqşin Kərimov