XXI əsrə daxil olan bəşəriyyət hələ də etnik gərginlikdən və regional konfliktlərdən əziyyət çəkir. Keçən əsrlərdə olduğu kimi hamının gözü önündə dövlətlər parçalanır və bir neçə hissəyə bölünülər. Modern.az XXI əsrdə dağılmış və de-fakto müstəqil bölgələrə ayrılmış dövlətlər haqda silsilə yazılar təqdim edəcək.
Modern.az ilk olaraq hələ də qanlı döyüşlərə meydan olan Suriya Ərəb Respublikasından bəhs edəcək.
Hazırda sonu görünməyən vətəndaş müharibəsinin davam etdiyi Suriyada Bəşər Əsədin rəhbərlik etdiyi hökumət qüvvələri, Azad Suriya Ordusu, Ən-Nüsrə Cəbhəsi, İŞİD terror təşkilatı və Kürdüstan Demokratik İttifaqının nəzarət etdiyi 4 ayrı qüvvə yerləşir.
Paytaxt Dəməşq şəhərinin mərkəzi hökumət qüvvələrinin nəzarəti altında olduğu üçün Suriya deyərkən Bəşər Əsəd hakimiyyəti nəzərdə tutulur. Faktiki olaraq bütün tərəflər bir-biri ilə münaqişə halındadır və buna görə vətəndaş müharibəsində “hamı hamıya” qarşı prinsipi tətbiq olunur.
Münaqişənin ən üçün baş verdiyi anlamaq üçün hər Suriya tarixinə və onun rəngarəng etnik tərkibinə nəzər salmaqda da fayda var.
Suriya 1946-cı il aprelin 17-də Fransadan müstəqillik qazanıb. Bu ərəb dövləti İsraillə 3 müharibə (1947-1948), (1967), (1973) iştirak etsə də, müəyyən daxili sabitliyi ilə seçilirdi. Bu illərdə yeganə ciddi qarşıdurma 1976-1982-ci illərdə “Müsəlman Qardaşları” təşkilatının sünni bölgələrdə amansızlıqla yatırılan üsyanları idi.
1970-c ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Hafiz Əsəd ölkədə demokratik institutlara qarşı amansız repressiyalar aparsa da, mənsub olduğu ələvi tayfaları və güclü ordunun hesabına ölkəni dəmir əllə idarə edirdi. Digər yandan Suriya özünü ərzaqla təmin edən azsaylı Şərq ölkələrindən biri sayılırdı. İnkişaf etmiş bank sistemi, xarici investisiyalar və neft ixracı isə ölkəyə əlavə valyutanın gəlməsinə rəvac verirdi. Həm də suriyalılar yüngül sənaye, xüsusən keyfiyyətli ayaqqabı, paltar və müxtəlif suvenirlər istehsal etməklə tanınırdı.
2000-ci il iyunu 10-da Hafiz Əsəd vəfat etdi və onun yerinə hakimiyyətə oğlu Bəşər Əsəd gəldi. İxtisasca oftalmoloq olan və uzun illər Londonda təhsil alan Bəşər Əsəd liberal düşüncəli biri kimi ölkədə mövcud olan məhdudiyyətləri aradan qaldıracaq, iqtisadi və siyasi azadlıqlar verəcək fiqur kimi baxılsa da, bu ümidlər özünü doğrultmadı. Əsəd atasının seçdiyi siyasi kursu davam edərək 1963-cü ildən bəri ölkədə mövcud olan fövqəladə vəziyyəti ləğv etmədi, siyasi məhbusları azad etmədi.
Nəhayət, toplanan bu narazılıq 2011-ci ilin martında “Ərəb Baharı”nın təsiri altında Deraa şəhərində üzə çıxdı. İlk mitinqlər. Ilk toqquşmalar və ilk qurbanlar.... Bütün bunların ardı isə bütün dünyanın bu gün də şahidi olduğu vətəndaş müharibəsidir.
Vətəndaş müharibəsi kontekstində Suriyanın rəngarəng milli və dini tərkibinə də göz gəzdirmək lazımdır. 2011-ci ilin əvvəli üçün Suriyada 24,5 milyon sakin yaşayırdı. Onların 70%-i sünni, 12%-i ələvi, 10%-i xristian və s. idi. Digər tərəfdən ölkə əhalisinin 11%-ini etnik kürdlər təşkil edir. Bu etnik qruplar arasında yaranmış ziddiyyətlər 5 ildən artıqdır ki, vətəndaş müharibəsində sülhün bərqərar olmasına mane olur.
Vətəndaş müharibəsinin statistikası Suriyada XXI əsrin ən böyük milli faciəsinin yaşandığını göstərir. Suriya dövlətinə dəyən təkcə iqtisadi zərər 250 milyard dollara yaxındır. Müharibə 300 mindən artıq insanın həyatına son qoyub, 2,050 min suriyalı yaralanıb, 11 milyon suriyalı qaçqın durumuna düşüb.
Son xəbərlər arasında ABŞ və Rusiyanın razılığı ilə Azad Suriya Ordusu və Suriya hökuməti arasında atəşkəs sazişinin imzalanması var. Ekspertlər güman edir ki, yaxın illərdə Suriyanın vahid dövlət halında birləşməsi çox ağrılı və uzun proses olacaq. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə sülühn bərqərar olması üçün ərəb respublikasının ələvilərin yaşadığı Latakiya və Aralıq dənizi hövzəsi, sünnülərin yaşadığı mərkəzi və cənub vilayətləri və kürdlərin çoxluq təşkil etdiyi şimal-şərq bölgəsindən ibarət federasiya halında birləşdirmək olar.
Vüqar İSMAYILOV