Modern.az

Güləşçimiz Olimpiya medalından məhrum edilib

Güləşçimiz Olimpiya medalından məhrum edilib

17 Noyabr 2016, 22:24

Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.

Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır.  Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək.

Qeyd edək ki, Vitali Rəhimov "Pekin-2008"də 60 kq çəki dərəcəsi üzrə final qarşılaşmasında rusiyalı İslambek Albiyevə uduzub. O, yarımfinalda qazaxıstanlı Nurbakıt Tengizbayevi məğlub edib.

Xatırladaq ki, Azərbaycan idmançılarının 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 6-ya enib.

Bu, yunan-Roma güləşçisi Vitali Rəhimovun (60 kq) gümüş medaldan məhrum edilməsindən sonra baş verib.

Beynəlxalq Olimpiya Komitəsi dopinq-testinin təkrar analizi müsbət nəticə verən Rəhimovun medalı qaytarmalı olduğuna dair qərar çıxarıb. Beləliklə, Azərbaycanın "Pekin-2008"dəki qazancının 1 qızıl, 1 gümüş və 4 bürünc medal olacağı müəyyənləşib. Bu nəticə ilə ölkəmiz medal əyarı sıralamasında 1 pillə geriləyib və 40-cı pilləyə enib. Əvəzində Sloveniya 39-cu olub.

Qeyd edək ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı cüdoçu Elnur Məmmədli (73 kq) qazanıb. Yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq) gümüş, boksçu Şahin İmranov (57 kq), cüdoçu Mövlud Mirəliyev (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və sərbəst güləşçi Xetaq Qazyumov (96 kq) bürünc medala yiyələnib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU