Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Modern.az saytının xəbərinə görə, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, liderlər arasında geniş fikir mübadiləsi olub. Tərəflər müxtəlif səviyyələrdə, ikitərəfli əlaqələr də daxil olmaqla Rusiya-Türkiyə münasibətlərini də müzakirə ediblər.
Liderlər Hələbə humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bundan əvvəl bildirib ki, Türkiyənin Suriyada başlatdığı “Fərat Qalxanı” əməliyyatı Bəşər Əsədin hakimiyyətdən devrilməsinə yönəlib. Kreml isə bəyan edib ki, Ərdoğanın çıxışı Suriya münaqişəsinin nizamlanması üzrə Moskvanın mövqeyinə uyğun gəlmir.
Qeyd olunub ki, rəsmi Ankaranın bununla bağlı izahat verməsi vacibdir.
Avqustun 24-də Türkiyə Suriyada terrorçulara qarşı “Fərat Qalxanı” əməliyyatına başlayıb. Məqsəd Suriyada 5 min kvadrat kilometr ərazidə təhlükəsizlik zonası yaratmaqdır.
Aqşin KƏRİMOV