Ötən gün Ankarada rəsm sərgisinin açılışında iştirak edən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürüldü.
Qeyd edək ki, diplomatı qətlə yetirən şəxs 1994-cü il təvəllüdlü, Ankara Çevik Qüvvət Müdirliyində işləyən polis əməkdaşı Mövlud Mert Altıntaşdır.
Məlumat üçün bildirək ki, Mövlud Mert səfirə atəş açdıqdan sonra “Biz Suriyada hər gün ölürük, qətliamda rolu olan hər kəs cavab verəcək”, “Hələbdə uşaqları öldürürsünüz, bunun intiqamını alacağıq” kimi mesajlar verib.
Mövlud Mert hadisədən dərhal sonra zərərsizləşdirilib.
Xatırladaq ki, hadisədən sonra Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Rəsmi Moskva hadisəni terror aktı kimi xarakterizə edib.
Sui-qəsdin ardından polis məmurunun məmləkəti, Aydın vilayətinin Söke rayonunda əməliyyat keçirilib. Mövlud Mertin atası, anası və bacısı da daxil olmaqla, 5 nəfər saxlanılıb.
Bu arada Türkiyənin hökumətə yaxın KİV-lərində səfirin qatili olan polis məmurunun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olduğu haqda məlumatlar yayılıb. Lakin bu iddia hələlik rəsmi təsdiqini tapmayıb.
Aqşin Kərimov