Modern.az

Türkiyə Dağlıq Qarabağdakı “referendum”u tanımır

Türkiyə Dağlıq Qarabağdakı “referendum”u tanımır

18 Fevral 2017, 00:38

Türkiyə qondarma “Dağlıq Qarabağ Respublikasın”da  fevralın 20-da keçirilməsi planlaşdırılan “referendum”u tanımadığını bəyan edib. Modern.az saytının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatda bildirilir ki, 25 ildir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan “referendum” beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının qərarlarının,  ATƏT prinsiplərinin açıq pozulması deməkdir.

Bəyanatda daha sonra bildirilir ki, bu və buna bənzər tədbirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səylərə də zərər verir: "Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulmasına yönəlmiş bu hadisəni qınayır. Qeyri-qanuni olan bu “referendum” və nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneə olmaqda davam edir. 2016-cı ilin aprel ayında Dağlıq Qarabağdakı təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan insidentlər status-kvonun davam etdirilməsinin mümkünsüzlüyünü, münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasını labüd edir. ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həlli ilə bağlı səyləri dəstəkləməyə davam edəcək”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB