Ermənistanın Araqatsot vilayətində naməlum şəxs Şamiram kənd qəbiristanlığının ərazisində yas məclisi keçirilən salona soxularaq, mərasim iştirakçılarını güllələyib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Şamiram kəndində əsasən yezidi kürdlərin yaşadığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb olunub. Şübhəli şəxs axtarışdadır.
***
Ermənistan mətbuatının yaydığı son məlumata görə, Şamiram kəndindəki hadisədə ölənlərin sayı 4 nəfərə, yaralı sayı 7 nəfər çatıb.
Şahidlərin jurnalistlərə dediyinə görə, "Niva" markalı avtomaşınla qəbiristanlığa gələn naməlum şəxs matəm mərasimi keçirilən zala daxil olub və mərasim iştirakçılarını atəşə tutub.
Ölən və yaralananların hamısı kişilərdir. Yezidilərin adətlərinə görə, matəm mərasimində qadınlar iştirak etmir.
İlkin məlumatlara görə, silahlı hücum etməkdə şübhəli bilinən şəxs də milliyyətcə yezididir, lakin Şamiram kəndindən deyil.
Polisə yaxın mənbələrdən sızan məlumata görə, qanlı qalmaqalın səbəbi pul borcu olub.
Deyilənə görə, kənd sakinləri hər il Rusiyaya mövsüm işlərinə getmək üçün silahlı hücumda şübhəli bilinən şəxsdən borc pul alıb, lakin qaytarmamışdılar.