Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərzailərinə qeyri-qanuni səfər edən Türkiyə vətəndaşları ilə millət vəkili Qənirə Paşayeva Türkiyə rəsmilərinə narazılığını çatdırıb. Modern.az xəbər verir ki, Türkiyə səfəri çərçivəsində keçirdiyi görüşlərdə Qənirə Paşayeva türkiyəli bəzi şəxslərin Bakıdan iznsiz Xankəndinə getməsini kəskin şəkildə qınayıb və bu adamlara qarşı ciddi tədbirlər görülməlisini istəyib.
O bildirib ki, bu, ilk növbədə Türkiyə - Azərbaycan münasibətləri, Türkiyə və Azərbaycan arasındakı strateji əməkdaşlığa özünün mənfi təsirini göstərir.
“Ufuq Uras adlı bu şəxs dəfələrlə Ermənistana səfərlər edərək qondarma erməni soyqırımı abidəsini ziyarət edib. O, hər zaman Türkiyə və Azərbaycan əleyhinə addımlar atıb”.
Türkiyə Yaşıllar və Sol Gələcək Partiyasının yetkilisi, QHT rəhbəri, keçmiş millət vəkili Ufuq Urasın dəfələrlə Ermənistana səfər etdiyi, qondarma erməni soyqırımı abidəsini önündə baş əydiyini, Xandəndidə separatçıların başçısı ilə görüşdüyünü diqqətə çatdıran Q.Paşayeva ona qarşı tədbir görülməməsinin həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına zidd olduğunu deyib.
Q.Paşayeva bildirib ki, Türkiyə hökuməti erməni soyqırımı məsələsinin uydurma, yalan olduğunu bəyan etsə də, özünü türk adlandıran bu şəxs, əksinə, “soyqırım abidəsini” ziyarət etməklə öz dövlətinin maraqlarına qarşı çıxıb:
“Bu adam hər zaman Türkiyə və Azərbaycanın maraqlarına zidd addımları, açıqlamaları ilə gündəmə gəlib. Ufuq Uras Türkiyənin Dağlıq Qarabağa görə Ermənistanla sərhədlərini bağlaması faktı ilə öz aləmində barışmayıb. Onun bu cür çıxışlarını qəti şəkildə qınayır və təəssüf edirik. Təbii ki, istər Türkiyə, istərsə də Azərbaycan ictimaiyyəti, sosial media, QHT-lər və sair təşkilatlar Urasın bu addımına qarşı etiraz səsini qaldırmalıdır və eyni zamanda Türkiyə dövləti onun bu addımlarına qarşı ciddi tədbirlər görməlidir”.
Millət vəkili bidirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal faktı bütün beynəlxalq təşkilatların qərarlarında yer alıb. Urasın və onunla birlikdə bir neçə nəfərin - Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlunun işğal altında qalan Xankəndinə gedib separatçı rejimlə görüşməsi açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir.
Q.Paşayeva qeyd edib ki, onların işğalçılara bu formada dəstək verməsinin səbəbləri ciddi şəkildə araşdırılmalıdır və Türkiyə dövləti tərəfindən ciddi tədbirlər görülməlidir: “Urasın erməni sevgisinin tarixi kökləri, irsi bağlılığı araşdırılmalıdır. Bu şəxsin uzun illərdir Azərbaycanla Türkiyənin mövqelərinə zidd çıxaraq davamlı şəkildə ermənilərə dəstək verməsi təsadüfi ola bilməz”.