“ABŞ 2018-2019-cu illərdə BMT-nin əməliyyat büdcəsinə maliyyə ödənişini 285 milyon dollar ixtisar etməyi planlaşdırır. Birləşmiş Millətlər Təşkilatında vəsaitlərin qeyri-səmərəli istifadəsi və israf edilməsi faktları yaxşı məlumdur. Bu səbəbdən ABŞ bundan sonra amerikan xalqının səxavətindən sui-istifadə hallarına yol verməyəcək”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
Heyli qeyd edib ki, BMT-nin əməliyyat büdcəsinə ABŞ-ın maliyyə ödənişi təşkilatın büdcəsinin (təqribən 3,3 milyard dollar) 22 faizini təşkil edir və sülhün təmin edilməsi məsələlərinə bunun 28 faizi ayrılır.
BMT-nin əməliyyat büdcəsi sülhün təmin edilməsi vəsaitlərindən ayrıdır. Cari ildə prezident Donald Trampın təzyiqi ilə bu vəsait 600 milyon dollar azaldılıb.
Qeyd edək ki, ötən həftə Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarını geri götürməyə çağıran qanun layihəsinin lehinə səs verən ölkələri maliyyə yardımının kəsiləcəyi ilə hədələmişdi.