Alpinizm XIX əsrin ortalarında professional ekstrim növünə çevrilmiş bir sahədir. Hər il dünyanın ən yüksək zirvələri həyəcan və adrenalin axtaran minlərlə alpinist tərəfindən fəth olunur. Amma təəssüf ki, bəzən belə cəhdlər həmin alpinistlərin ölümü və xəsarət alması ilə də nəticələnir.
Alpinizmlə bağlı sonuncu dəhşətli hadisə İranın Oştoranxuk dağına qalxan zaman baş verib. Belə ki, Məşhəd şəhərindən olan 15 nəfərlik alpinist qrupu bu ilin 6 dekabrında zirvəyə qalxan zaman qar uçqunu olmuşdu. Əraziyə gələn xilasedicilər 15 nəfərlik qrupdan 6 nəfəri sağ aşkar edib. Qalan alpinistlərdən 8-nin cəsədi tapılsa da, 9-cu alpinist itkin düşmüş sayılır.
Modern.az alpinizm tarixində baş verən ən faciəli hadisələr barədə yazını təqdim edir.
1994-cü il noyabr, Pisanq dağı, Nepal – 11 ölü
Həmin vaxt 9 alman, 1 isveçrəli və bir nepallı ölkənin şimal-qərbində yerləşən Pisanq zirvəsini fəth etmək istəyən zaman qar uçqununun dalğası onları aparmışdı. Bu faciə Himalay dağlarında baş verən böyük alpinist faciələrindən sayılır.
1995-ci il noyabr, Hokio vadisi, Nepal – 26 ölü
1995-ci il noyabrın 11-də Hokio vadisində qar uçqunu 13 yapon alpinisti və 13 nepallı şerpa həlak olmuşdu. Hadisə alpinist qrupunun Hokio-Ri zirvəsini fəth etdikdən sonra geri qayıtması zamanı baş verib.
1996-cı il may, Everest zirvəsi, Nepal – 8 ölü
Bu faciə zamanı ABŞ, Yeni Zelandiya, Yaponiya və Böyük Britaniyadan olan 6 alpinist-bələdçi və onların 16 müştərisi kəskin tufan və tutqun hava şəraitində Himalay dağlarının cənub ətəklərində çətin vəziyyətə düşmüşdü. Hadisə zamanı onlardan 8-i donaraq ölmüşdü. Faciədən sonra sağ qalanların xatirələri bütün dünyanın diqqətini özünə cəlb etmişdi.
2000-ci il fevral, Uşba zirvəsi, Gürcüstan – 6 ölü
Rusiyanın Pyatiqorsk şəhərindən olan rusiyalı alpinistlər qrupu ingilis dostları ilə birlikdə Uşba zirvəsinini ətəyindəki buzlağın yaxınlığında çadır qurmuşdular. Gecə qar uçqunu zamanı çadır qarın altında qalmışdı. Həlak olan alpinistlərdən heç birinin cəsədi tapılmayıb.
2008-ci il avqust, K2 (Çoqori) zirvəsi, Pakistan – 11 ölü
Everstdən sonra dünyanın ən yüksək ikinci zirvəsi sayılan K2, alpinizm tarixinin ən qanlı faciələrindən birinə yol açmışdı. Qar dalğası zirvəyə qalxan Cənubi Koreya, Norveç, Serbiya, Pakistan, İrlandiya və Fransa vətəndaşlarının ölümünə səbəb olmuşdu.
2015-ci il 25 fevral, Everestin cənub bazası, Nepal – 19 ölü
Nepalda 7 mindən artıq sakinin ölümünə yol açan dağıdıcı zəlzələ Himalay dağlarında çadır qurmuş alpinistlər üçün də ciddi təhlükələr yaratmışdı. Zəlzələnin səbəb olduğu qar uçqunları azı 19 alpinistin həyatına son qoymuşdu.