İranın ikinci ən böyük şəhəri olan Məşhəddə bahalığa etiraz olaraq başlanan və müxtəlif bölgələrdə hakimiyyətə qarşı şüarlarla davam edən kütləvi aksiyalar qeyri-fars bölgələrinə də yayılıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran şəhərlərində kütləvi aksiyalar artıq 5-ci gündür ki, davam etməkdədir.
Əhalisinin əksəriyyətinin türk olduğu Zəncan, Qərbi Azərbaycan, Ərdəbil, Həmədan və Qəzvin vilayətləri, həmçinin lur, kürd, ərəb, bəluç və gilək icmalarını sıx yaşadığı vilayətlərdə dekabrın 29-u, 30-u və 31-də küçəyə çıxan etirazçılar farsca və digər dillərdə şüarlar səsləndiriblər.
Polis və hərbi qüvvələrin sərt müdaxiləsi ardından dekabrın 30-da Luristan vilayətinin Dürud şəhərində azı 2 etirazçının məmurların açdığı atəş nəticəsində həlak olduğu bildirilir.
Sosial mediada yayımlanan məlumata görə, ölənlərin sayı daha artıqdır.
Son məlumatlara görə, etiraz aksiyalarında daha iki nəfər öldürülüb. Həmin etirazçıların dekabrın 31-də gecə saatlarında güllələnərək öldürüldüyü bildirilir.
Xarici KİV-lərdə dərc olunan xəbərələrə görə yanvarın 1-də İranda ölkəboyu yüzlərlə etirazçı saxlanıb.
Xatırladaq ki, ötən gün İran prezidenti Həsən Ruhani deyib ki, vətəndaşları hakimiyyəti tənqid etməkdə və etirazlara çıxmaqda tamamilə azaddırlar. Ancaq prezident nümayişlərdə zorakılıq, itaətsizliklə bağlı xəbərdarlıq edib.
ABŞ prezidenti Donald Tramp isə etirazçıları dəstəkləyib, İran hakimiyyətini interneti bağladığına görə sərt tənqid edib, onları küçələrə çıxanların hüquqlarını pozmaqda suçlayıb. Bu barədə Tramp dekabrın 31-də Twitter-də yazıb.
Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa İrandakı son hadisələri nəzərdə tutaraq ABŞ-I tənqid edib:
“ABŞ-ın sevgisini, istəyini anlamaq hələ də mümkün olmur. İranda azacıq qımıldanma görən kimi, dərhal rəsmi açıqlama verdilər ki, bəs "ABŞ İran xalqının yanındadır". Yaxın keçmişimizdə Misir, Liviya, Suriya, Ukrayna ilə bağlı açıqlamalarda da təqribən bu ifadəllər yer alırdı. Bunun şifrəsini başqa bir yerdə izahlı lüğətlərdə axtarmayın, bütün məsuliyyətimlə deyirəm, siz də qeyd edin: ABŞ İranda xaosun yanındadır”.
Fail Mustafa “dünyanın bu vaxtında İrandakı xaos bizə lazımdırmı” sualına belə cavab verib:
“Suriya ilə həmsərhəd olan Türkiyənin durumunu məgər görmürsünüz? 3 milyonluq bir qaçqın köçünün altında əzilmiş durumdadır. İranda xaos olarsa, güneydən bizim soydaşlarımızın üz tutacaqları yer Azərbaycanımız olacaq. Bu da ən azı 10 milyonluq qaçqın köçü deməkdir. Özümüzün ağır sosial şərtlərində bu yükü qaldırmaq iqtidarındayıqmı? Xeyli milli təəssübkeşlikdən uzaq Azərbaycan türkü İran rejimi üçün ölümünə mübarizə aparacaq, hətta buradan da xeyli anlaqsız insan oraya yardıma qoşacaq. Bu tip anlaqsız dinçilərin yalandan cihad uyduraraq Azərbaycandan gedib Əsədə qarşı Suriyada döyüşməyini yəqin xatırlayırsınız. Azərbaycanda bu cür adamlar nə qədər desən var. Qarabağ üçün savaşmazlar, ancaq bir siyasət mollasının çağırışı ilə Vətəni dünəndən satarlar. Ona görə də ABŞ-ın İran xalqının yanında, böyründə, başında, ayağında olmasının bizim üçün, oradakı həmvətənərimiz üçün heç bir faydasını görmürəm. Hə, açıqlama gəlsəydi ki, ABŞ orada milli çoxluq olan azərbaycanlıların dövlət yaratmaq haqqını tanıyır, bu zaman nələrsə düşünmək olardı. Çünki İran xalqının yanında olan ABŞ illərdir dəyişməz bir siyasətlə erməni xalqının da yanındadır. Yəni Azərbaycan Respublikası xalqının qarşısındadır. Siz bir dəfə də olsun erməni separatizminə qarşı ABŞ-ın Rusiyadan fərqli bir cizgidə olduğunu duydunuzmu? Dağlıq Qarabağa illərdir maliyyə yardımı birbaşa ABŞ-dan gəlir, həm də bunu çəkinmədən, açıq-aşkar edirlər. Hətta İranı da illərdir Ermənistana dəstək verməyə ABŞ məcbur edir. Fikrimcə, ABŞ-ın İrana qarşı əməldə sərt davranmamasının tək bir səbəbi məhz qonşu ölkənin Ermənistana hərtərəfli iqtisadi dəstək verməsidir. İndi ABŞ-ın İranda da kiçik bir erməni xalqının maraqlarından çıxış etməyəcəyinə kimin təminatı var?”.
Deputat deyib ki, İrandakı Azərbaycan davasının bəsit dəyərləndirməsini aparmağa tələsməyək.
“Bu davanın dinçi məzmundan təmizlənməsi gerçəkləşməsə, təqribən Səttarxan, Xiyabani, Şəriət-Mədari ayaqlanmalarının mahiyyətinə uyğun bir cahalət tablosu ortaya çıxacaq. Ona görə də İranda baş verənlər haqlı olaraq oradakı soydaşlarımızın durumuna görə içimizdə narahatçılıq doğurur. Bu cür rejimlərin öz içindən demokratik islahatlar yolu ilə çözülməsi, milli, siyasi, sosial-iqtisadi haqların genişləndirilməsi bizim maraqlarımıza daha uyğundur və heç bir halda dünyanın bu başsız vaxtında İranda xaosun, qarşışıqlıqların olmasının hansısa faydasından danışa bilmərik”.