Modern.az

Gürcüstanın Qarabağ DİLEMMASI - Tbilisi Bakı ilə Yerevan arasında qalıb

Gürcüstanın Qarabağ DİLEMMASI - Tbilisi Bakı ilə Yerevan arasında qalıb

26 Yanvar 2018, 14:46

Dünyada və regionda yerləşən nüfuzlu ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe daim Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olub. 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi ilə paralel başlayan müharibə və onun nəticələri bu gün də  rəsmi Bakının ən ağrılı problemi, Qafqaz regionunun ən təhlükəli münaqişəsi kimi aktuallığını qoruyur.

 

Modern.az saytı qonşu dövlətlərin, nüfuzlu dünya mərkəzlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyi silsilə yazılarla oxuculara təqdim edəcək.

İlk olaraq, Gürcüstanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini təqdim edirik.

 

Şimal-qərb qonşumuz olan Gürcüstan da müstəqillik qazandıqdan sonra separatizm və ərazı bütövlüyünün pozulması halları ilə üz-üzə qaldı. 1992-ci ildə alovlanan və 1993-cü ilə qədər davam edən Abxaziya və Cənubi Osetiya münaqişələri zamanı rəsmi Tbilisi Moskvanın da birbaşa və dolayı dəstəyi ilə bu ərazilərə nəzarəti itirdi. İlk prezident Zviad Qamsaxurdiyanın (1991-1992) zamanında Gürcüstan etnik qarşıdurmalar və iqtisadi çətinliklərlə qarşı-qarşıya idi. Rəsmi Tbilisi bu dövrdə münaqişənin həlli ilə bağlı passiv müşahidəçi kimi qalmış və real vasitəçilik missiyasının üzərinə götürə bilməmişdi. O dövrün ən diqqət çəkən məqamı 1992-ci ilin yanvarında dövlət çevrilişi nəticəsində hakimiyyətini itirən Qamsaxurdiyanın Azərbaycan və Ermənistandan sığınacaq istəməsi ilə bağlı idi. Rəsmi Yerevandan sığınacaq alsa da, yeni Gürcüstan hakimiyyətinin iqtisadi münasibətləri kəsəcəyi ilə bağlı hədələrdən sonra Ter-Petrosyan hakimiyyəti Qamsaxuriyanı o zamanlar de-fakto müstəqil olan İçkeriyaya-Çeçenistana göndərmişdi.  

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Tbilisinin mövqeyi 2016-cı ilin aprel döyüşləri fonunda xüsusi əhəmiyyət kəsb edirdi. İstər Bakı, istərsə də Yerevan Tbilisinin münaqişə ilə bağlı fikirlərini açıq eşitmək istəyirdi. Amma maraqlıdır ki, ərazi bütövlüyü problemi ilə üzləşən, Azərbaycanla sıx siyasi və iqtisadi əlaqələrə malik Gürcüstan rəhbərliyi ənənəvi olaraq ehtiyatlı davranır, münaqişədə heç bir tərəfə tam dəstək vermirdi.

“Biz Gürcüstanla qardaş olan iki xalq arasındakı silahlı münaqişədən narahatıq. Mövqeyimiz dəyişməzdir: Qafqazda sülh istəyirik, həm öz ölkəmizdə, həm də qonşu ölkələrdə belə olmasını istəyirik”-deyə Gürcüstan parlamentinin sədri David Usupaşvili demişdi.

 

Həmin günlərdə digər hökumət rəsmiləri də analoji bəyanatlar verir, ölkənin konkret bir tərəfə dəstək nümayiş etdirməməli olduqlarını deyirdi.

“İmedi” telekanalına danışan deputat, Avropaya inteqrasiya Komitəsinin sədri Levan Berdzenişvili də Qarabağ məsələsində gürcülərin yanaşmasını lakonik ifadə etmişdi.

“Qamsaxurdiyadan Şevardnadze, Saakaşvili və bugünkü hökumətə qədər hər kəs yaxşı anlayır ki, bu məsələdə ehtiyatlı olmaq lazımdır. Heç vaxt səhv buraxmırdıq, tərəflərdən hər hansı birinə doğru dəstək olmurduq və beləliklə qonşularımızı incitmirdik”.

 

Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze də münaqişənin həlli ilə bağlı neytral mövqe sərgiləmişdi. Bununla belə, o daha çox Azərbaycan rəhbərliyi ilə möhkəm dostluğa üstünlük verirdi. 1993-cü il fevralın 3-də Bakıda o zamanı Azərbaycan prezidenti, mərhum Əbülfəz Elçibəylə görüşən Şevardnadze Qarabağ münaqişəsi ilə bağlı fikirlərini açıqlamışdı:

“Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsini ayrı-ayrı insanlar həll edə bilməz. Mən Qarabağ münaqişəsinin həllində, cənab Elçibəyin Abxaziya məsələsində oynaya biləcəyi rolu yerinə yetirə bilərəm”.

 

2007-ci ildə Azərbaycan mətbuatına verdiyi sonuncu müsahibəsində isə Eduard Şevardnadze münaqişənini yalnız sülh yolu ilə həllinə ümidini ifadə etmişdi.

“Ermənistanın keçmiş rəhbəri Karen Dəmirçiyanı öldürməsəydilər, əminəm ki, Qarabağ münaqişəsi həll olunacaqdı. O çox ağıllı, ailəcanlı və təhsilli insan idi. Heydər Əliyevlə Dəmirçiyan ortaq dil tapa bilərdilər”.

Gürcüstanın 3-cü prezidenti Mixail Saakaşvili də ənənəvi pozitiv neytrallıq siyasətini davam etdirib. 2003-cü ildən ölkə başında olan Mixail Saakaşvili 10 illik hakimiyyəti dövründə daha çox Türkiyə və Azərbaycanla dostluq münasibətlərinə üstünlük versə də, Ermənistanla da münasibətləri formal dostluq formasında saxlamağa çalışırdı.


2015-ci ildə Ukraynada qubernator vəzifəsində çalışmağa başlayan Saakaşvili 2016-cı ilin aprel döyüşləri başlayan zaman Moskvanı Qarabağ hadisələrinin əsas təşkilatçısı elan etmişdi.

“Baş verənlər Azərbaycana və Türkiyəyə qarşı Putin təxribatına bənzəyir. Həmçinin, Ermənistan da bundan zərər çəkir. Qeyd edim ki, Moskva bu hadisələrə qabaqcadan hazırlaşmışdı. Rusiya intensiv şəkildə tərəfləri silahlandırır və Dağıstanda çəkdiyi yeni hərbi yolla gələcəkdə Azərbaycana qəfil hərbi müdaxiləyə ümid edir”.

 

Saakaşvilinin açıqlaması bir daha gürcü liderin münaqişədə Azərbaycanın mövqeyini dəstəklədiyini və Rusiyanın Ermənistan vasitəsilə rəsmi Bakıya qarşı təcavüz etdiyini göstərirdi.

 

Analoji sözləri Gürcüstanın hazırki prezidenti Georgi Marqvelaşvili də təkrarlayıb.

“Bizim bir neçə kilometrliyimzdə hərbi əməliyyatın baş verməsi arzuolunmazdır. Azərbaycanı və Ermənistanı sülh danışıqlarına səsləyirəm”-deyə gürcü lider aprel hadisələrinə münasibətdə qeyd etmişdi.

 

Sonda qeyd etmək lazımdır ki, rəsmi Tbilisi son 25 ildə Azərbaycan-Ermənistan münaqişəsində konkret siyasi xətt müəyyən edib. Bunu “pozitiv neytrallıq” da adlandırmaq olar. Amma unutmalı deyilik ki, Gürcüstanın neytrallığı münaqişənin aktiv hərbi əməliyyatlar fazasına keçməsinə qədər mümkündür. Münaqişənin sonrakı gərginləşməsi halında rəsmi Tbilisi Bakı və Yerevandan birini seçməli olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur