Modern.az

Muharrem İnce: “Telefonlarım dinlənilir…. əxlaqsızlıqdır”

Muharrem İnce: “Telefonlarım dinlənilir…. əxlaqsızlıqdır”

18 May 2018, 12:51

CHP-nin prezidentliyə namizədi Muharrem İnce ölkə başçısı Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə 24 iyun tarixində keçirilməsi nəzərdə tutulan növbədənkənar prezident seçkilərində Cumhuriyyət  Xalq Partiyasını ( CHP) təmsil edən Muharrem İnce Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Görüş zamanı Ərdoğan bildirib ki, Kamal Kılıçdaroğlunun sayəsində CHP  seçkilərdə məğlub olacaq. İnce isə cavabında bunları deyib: “Mən prezident olacağam, əslində Kılıçdaroğlu sizin şanslarınızı azaldıb”.

 

Daha sonra Muharrem İnce jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə CHP prezident seçkilərində əsas iki favoritdən biridir: “ Keçirdiyimiz görüşlərə və mitinqlərə inanılmaz maraq var. Mən 16 ildir ki, millət vəkiliyəm. 106 mitinq keçirmişəm, ayrı-ayrı 51 vilayətə getmişəm. Nəticələr hamını təəcübləndirə bilər. Hakkari və Rizedə də mitinq keçirmişəm. Hər kəs məni səmimi görür. Mən də ümidlərini doğruldacağam”.

 

CHP-nin namizədi qeyd edib ki, namizəd olan hər kəsi ya  “sərmayənin” namizədi, ya da Kamal Kılıçdaroğlunun namizədi adlandırırlar:

“Mən xalqın  namizədiyəm. Xalq təzyiq edərək məni namizəd seçdi. Buna da biganə qalmadılar.  Rəcəb Tayyib Ərdoğan mənə  dedi ki, siz prezident ola bilməyəcəksiniz. O səhv düşünür. Mən prezident olacam, Kılıçdaroğlu Ərdoğanın şansını azaldıb”.

Onun sözlərinə görə, görüş zamanı özünə qarşı hər hansı hörmətsizlik olunmayıb: “Mənə qarşı hörmətsizlik edilsə, deyərdim. Mən bütün rəqiblərimlə görüşərəm, buradan pis nəsə yoxdur. Biz rəqibik, düşmən deyilik”.

 

İnce bildirib ki, o, mühafizəkar bir kəndli ailəsinin övladıdır. Uşaqlıqdan bəri siyasətə marağı olub. Baş nazir olmağı uşaqlıqdan arzulayıb:
“Həmişə istəmişəm ki, uçuruma gedən cəmiyyəti xilas edim. Mən buna ürəkdən inanıram. Hər şeydən əvvəl Vətəndir deyirlər. Razı deyiləm. Əvvəl ədalət olmalıdır. Ədalət yoxdursa, ora vətən deyil, adi torpaq parçasıdır. Əfvdən əvvəl də ədalətə ehtiyacımız var. Ədalət bərqərar olmazsa, nə əfv olar, nə amnistiya”.

 

Muharrem İnce iş prinsiplərini də açıqlayıb: “ Gördüyüm işlər elmə, hüquqa uyğun olacaq. Dövlətə faydalı və dünyagörüşümə uyğun olacaq. Güclü bir kadrla işləyəcəm”.

 

Sonda o, seçkilərin gedişi ilə bağlı proqnozlarını dilə gətirib: “Seçkilər yüz faiz ikinci tura qalacaq. Ərdoğanla aramızda çox az fərq var. Qeyri-adi nəsə olmasa 30%-dən çox səs toplayacam. Heç kimin gözləmədiyi nəticə də ola bilər. Necə deyərlər “partlayış”. Mən bilirəm ki, telefon danışıqlarım dinlənilir. Bu, əxlaqa sığışmayan hərəkətdir. Ancaq arxayın olsunlar, mənim prezidentlik dövrümdə onların telefonları dinlənilməyəcək. Heç cür!”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır