Türkiyədə 24 iyun keçiriləcək növbədənkənar prezident seçkilərində Cumhuriyyət Xalq Partiyasını təmsil edən Muharrem İnce Rəcəb Tayyib Ərdoğanın 3 günlük İngiltərə səfəri haqqında fikirlərini bölüşüb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İncə jurnalistlərin verdiyi sualları cavablayarkən Ərdoğanın İngiltərəyə səfəri barəsində də danışıb. O qeyd edib ki, 3 gün İngiltərədə səfərdə olan Türkiyə prezidentinin görüşmələri cəmi 5 saat çəkib. Muharrem İnce Ərdoğana sual da ünvanlayıb: “ 16 il ərzində Türkiyənin hər hansı rayonunda, bölgəsində 3 gün qaldımı? Nə müzakirə etdiniz 3 gün orada?”.
Muharrem İnce Ərdoğanın atdığı addımları millətin “gözünü boyamaq” kimi qiymətləndirib: “ Cənab Ərdoğan Londona getdi, 3 gün qaldı. İndi sizdən soruşuram, heç o bu günə kimi, Anadoluda və ya başqa bölgəmizdə 3 gün qaldımı? F-35 təyyarələrini 6 ildir ki, ABŞ-dan istəyirik. Pulunu da ödəyirik, amma təyyarə bizə verilmir. Bu təyyarələrin ən əsas xüsusiyyəti vertolyot kimi yuxarıdan aşağı enə bilməsidir. Əsas sual budur: Niyə 6 ildir bizə verilməyən təyyarələr seçimlərdən əvvəl verilir? Cavabı sadədir, türk millətinin gözünü boyamaq üçün!”.