21 sentyabr illərdir Beynəlxalq Sülh Günü kimi qeyd edilir, ancaq dünyada hələ ki, sülh yaranmır. Özəlliklə 20-ci yüzilin başlanğıcından “sülh”, “insanlıq”, “azadlıq”, “bərabərlik” kimi şüarlar dünyanı başına götürdü, ancaq deyilənlərin heç biri gerçəkləşmədi.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Beynəlxalq Sülh Günü münasibəti ilə yaydığı müraciətdə bu günün "silahların susmasına və qeyri-zorakılığa həsr olunan bir tarix kimi qeyd olunduğunu”, eləcə də “sülhün qayğısına qalmaq, onu qorumaq və müdafiə etmək lazım gəldiyini" bildirir.
Hər il bu gündə BMT qərargahında "Sülh zəngi" çalınır", qurumun Baş Məclisi tərəfindən "qlobal atəşkəs və qeyri-zorakılıq, habelə bütün xalqları və insanları gün ərzində hərbi əməliyyatları dayandırmağa çağıran gün" kimi qeyd olunur. Bəs sonra? Dünya qana bələnir, çıxış yolu görünmür, zorakılıq meydan sulayır. Bununla sülh yaranmaz!
Bir çağlar sosializmin azdan-çoxdan etdiyini, indi demokratiya var gücüylə etmək istəyir: xalqları, ölkələri öz kökündən ayırmaq, eyniliyə salmaq insaniliyə qarşıdır.
Düzünə qalanda, bəşər tarixində indiyə kimi doğruçu sülh olmayıb! Əgər İnsanlıq Yer üzündə var olmayıbsa, barış haradan olsun?! Bununla belə haçansa bəşərin İnsaniliyə, barış imkanına ümidi kəsilməyib. Yetər ki, insanlar, xalqlar, dövlətlər insanilik tələbilə yaşasınlar. İnam Ata (Asif Ata) deyir: “Gözəl insanlar gözəl dünya yaratmağa qadirdirlər”.
Bəs necə olur ki, minillərdir elm, ədəbiyyat, incəsənətin bütün sahələri insanlıq, dinclik, barış çağırır, ancaq dünya hər gün daha da qana bulanır? Necə olur ki, başqasının balasının başını kəsən qatil öz balasından ötrü ölür?
Bu, həm də o deməkdir ki, bəşər insanlıq acıdır, insanlıqdan tamam ayrılsa, ölər. Mütləq, qırılmaz, ardıcıl sülhü İnsanilik əsasında yaşamaqla yaratmaq olar.
İnsana, ulusa, dövlətçiliyə, bəşərin mahiyyətinə layiq insanlar yaranmalıdır ki, dünya eyniyyətdən çıxsın. Dünyanın barışla yaşamasını istəyiriksə, onun insani əlvanlığını yaratmalı və qorumalıyıq.
Tarix boyu insanlıq ədəbiyyatda, incəsənətdə öyüldü, di gəl, ictimai gedişlərdə, gerçəklikdə döyüldü, söyüldü.
Bir sözlə, hələ ki, dünyada sülh bərqərar olmayıb. Sülh adına nə varsa, hamısı antisülhdür, antiinsanidir. Ayrı-ayrı ölkələrin dinc şəraitində yaşamasında da bir şərtilik var. Sülh ilk olaraq insanların əhvalında bərqərar olmalı, insanlıqdan güc almalıdır. Onu siyasət ortaya gətirməməlidir. Dünyadakı bütün savaşların nədəni siyasətdir. Tarix boyunca sülh mövzusu siyasətin əlində vasitə olub, bu üzdən də dünyada sülh yaranmayıb.
Sülh əslində İnsanlıq, Ruhaniyyat hadisəsidir – Siyasət hadisəsi deyil. Sülhü yalnız Yer üzündə ruhaniyyat var edə bilər, Siyasət yox. Siyasətçilərdən sülh ummaq bəşərin naşılığıdır. Əslində sülhü siyasətin əlindən almaq, onu siyasətin asılılığından çıxarmaq gərək! Sonda siyasəti yox etmək gərək! Yoxsa Yer üzündə sülh yalnız söz olaraq qalacaq!
İndi sülh dünyada gərəkli bir hal kimi yalnız arzulanır – yaradılmır, gerçəkləşdirilmir. Çağdaş anlamda sülh ən yaxşı halda hansısa savaşın bitməsi, ya da savaşa ara verilməsidir. Buna isə yalnız təskinliyə yarayan sülh demək olar. Savaş imkanının hər an gündəmdə qaldığı çağda barışdan danışmaq gülməli görünür. Həqiqi, doğruçu sülh onda olacaq ki, bəşər özünün savaş imkanını bütünlüklə içindən siləcək, öldürəcək.
Beləliklə, sülhü gözləmək, arzulamaq yox, onu gerçəkləşdirmək gərəkdir. Bunun bir yolu var – İnsanlaşmaq!
“Sülh” sözünün başlıca sinonimi, ölçüsü İnsanlıqdır. Harada İnsanlıq var, orada sülh var. Əslində dünyada barışı yaratmadan, Sülh gününü qeyd etmək də qəribə görünür.
Bir də nədənsə “sülh” anlayışı həmişə savaşla qarşılaşdırmada üzə çıxır, yada düşür. Di gəl, o, özü bütün varlığıyla yaşamda görünmür, bilinmir.
Adamlararası antiinsani ilişkilər dövlətlərarası ilişkilərə gedib çıxır. Çox zaman müharibələrin nədəni insanlardan qıraqda axtarılır, zamanın təbii, qaçılmaz hadisəsi kimi anlaşılır. Ancaq unudulur ki, əslində savaşın özülü İnsansızlıqdır.
Ölkələrarası ilişkilərin sülh şəraitində olmasının istəyiriksə, insanlarası münasibətlərin aliliyinə çalışmalıyıq. Asif Ata Ocağının amacı və başlıca işi budur. Ancaq siyasət o dərəcədə insanların, ölkələrin həyatının qaçılmaz, vazkeçilməz ünsürü sayılır ki, onsuz bəşər həyatını ümumiyyətlə, düşünmürlər.
İnam Ata yazır: “Sülh – gizli dava, yarımdava olduqca – Dava yaşayacaq”.
Dünyada daim bir terror dalğası yaşanır. Terrorun yaratdığı psixologiya son dərəcə qəlizdir: nəticədə insanlar daim qorxu, narahatlıq, həyəcan içərisində yaşayırlar. Özəlliklə də 20-ci yüzildə türk xalqları qədər terrora məruz qalan xalq tapmaq çətindir.
Eləcə də Azərbaycanın ikiyə parçalanmasından bəri başımıza nə qədər bəlalar gətirilib... Bunlar terror deyil, bəs nədir? Özünə ardıcıl sülh, dinclik arzulayan ölkələrin başqasına qarşı terror cəhdi insansızlıqdan başqa bir şey deyil.
Qarabağda və ətraf bölgələrdə öldürülən soydaşlarımız barəsində dünya sanki heç nə eşitməyib. İndi "Ermənistan" adlandırılan ərazilərdə 23 il qabaq min bir zülmə məruz qalan soydaşlarımızın başına gətirilənlər xalis terrordur.
Bu gün dünyaya İnsanlıqdan, barışdan danışmağa daha çox bizim haqqımız var. Çünki millət və dövlət olaraq heç bir xalqın torpağında gözümüz yoxdur, qəsbkarlıq duyğusuyla yaşamırıq.
Belə bir çağda dünyaya sülh, barış düzənini yalnız Türk xalqı gətirə bilər. Bu imkanı Türkə verən Mütləqə İnam Dünyabaxışımız var. Türk xalqları arasında türk inamı əsasında birlik, yəni sülh örnəyi yaratmalıyıq. Bu, Türk ulusu olaraq bəşəri borcumuzdur.