Modern.az

Hindistanlı diplomatlar ADU-da olublar

Hindistanlı diplomatlar ADU-da olublar

Dünya

23 Sentyabr 2011, 18:10

Sentyabrın 23-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sanjay Sinqi qəbul etdi. Görüşdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou, Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyev, ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova,  Regionşünaslıq və Beynəlxalq münasibətlər  fakültəsinin dekanı Məcid Əliyev, ADU-nun Hind dili kafedrasının müdiri Mukeş Qarji iştirak edib.

ADU Mətbuat xidmətindən bildirilib ki, rektor qonaqları rəhbərlik etdiyi ali məktəbdə görməkdən məmnun olduğunu qeyd edib. Səməd  Seyidov ADU-da Hindi dili mərkəzinin fəaliyyət göstərdiyini və tələbələrə hind dili öyrənmək üçün şərait yaradıldığını qonaqların nəzərinə çatdırıb. O, hindi dilini tədris etmək üçün professor Mukeş Qarjini Azərbaycana dəvət etməkdə göstərdiyi köməyə görə səfir Debnat Şouya təşəkkürünü bildirib.

Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Şərq ölkələri üzrə dövlət katibi Sanjay Sinq də öz növbəsində Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu söyləyib. O, ADU-da Hindi dili mərkəzinin fəaliyyət göstərdiyindən şad olduğunu söyləyib.

Sonda qonaqlar universitetin İnformasiya Resurs Kompleksi (İRK) və  Hind dili mərkəzi ilə tanış olublar və hind dilini öyrənən tələbələrlə görüşüblər.

ADU-da ilk dəfə olaraq 2010-2011-ci tədris ilindən Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Hindistanşünaslıq ixtisası açılıb. 2010-cu ilin oktyabrından isə ADU-da Hind dili mərkəzi fəaliyyətə başlayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza