Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasındakı telefon danışığı “Youtube”a yerləşdirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səs yazısında güc strukturlarının rəhbərləri Robert Koçaryan və keçmiş hakimiyyətin digər üzvlərinin həbsi ilə bağlı müzakirələr aparılır.
Artur Vanetsyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturovun həbsindən narahatlığını ifadə edir. Amma Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan baş nazir Nikol Paşinyanın bu həbsə “hə” dediyini söyləyir.
Yayılmış kompromata Facebook-da canlı yayım vasitəsilə cavab verən Nikol Paşinyan isə Artur Vanetsyanın səs yazısı ilə bağlı geniş mətbuat konfransı keçirəcəyini deyib. Eyni zamanda, xüsusi xidmət orqanlarının rəhbər şəxslərinin telefon danışıqlarının maneəsiz olaraq dinlənilməsi olayını da təhlükəli hal sayıb.
Hesab olunur ki, səs yazısının dinlənilməsi keçmiş prezident Robert Koçaryanın tərəfdarları tərəfindən həyata keçirilib və onun məhkəmə prosesinin qanuna zidd hesab edilməsinə hesablanıb.