Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Saud jurnalist Camal Kaşıkçının Səudiyyənin Türkiyədəki konsulluğunda böyük əks-səda doğuran qətlinə ilk dəfə açıq münasibət bildirib. Modern.az “Sky News Arabia” telekanalına istinadla xəbər verir ki, vəliəhd şahzadənin sözlərinə görə, jurnalistin ölümü “bəraət qazandırılması mümkün olmayan mənfur cinayətdir”.
Vəliəhd şahzadə bunu Ər-Riyadda “Gələcəyin investisiya təşəbbüsü” adlı investisiya forumunda bəyan edib.
Məhəmməd bin Salman Al Saud qeyd edib ki, bu cinayət bütün səudiyyəlilər, eləcə də bütün dünya üçün “həqiqətən ağrılı” cinayətdir. O, xüsusi vurğulayıb ki, “Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətləri korlamaq üçün bu ağrılı məsələdən istifadə olunur”, ancaq bunu edə bilməyəcəklər. Vəliəhd şahzadə deyib: “Nə qədər ki, Kral Salman bin Əbdüləziz, vəliəhd şahzadə Məhəmməd bin Salman və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan var, bunu etməyə müvəffəq olmayacaqlar”.
Vəliəhd şahzadə onu da vurğulayıb ki, C. Kaşıkçının qətlində əli olan bütün cinayətkarlar məhkəmə qarşısına çıxacaqlar və çox ciddi cəzalandırılacaqlar. Vəliəhd şahzadə fikrini bu sözlərlə tamamlayıb: “Biz bütün dünyaya sübut edəcəyik ki, Türkiyə və Səudiyyə Ərəbistanı hökumətləri cinayətkarları cəzalandırmaq üçün əməkdaşlıq edirlər. Gec-tez ədalət zəfər çalacaq”.