Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb. Modern.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.
“Report”un məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu üzrə səsvermə zamanı baş verən 11 qanun pozuntusu faktı ilə bağlı araşdırma aparır.
Daxili işlər nazirinin müavini Natia Mezvrişvili keçirdiyi brifinqdə bildirib ki, qanun pozuntularına yol vermiş şəxslər arasında həm hakim, həm də müxalif partiyanın nümayəndələri var: “Faktlar jurnalistə qarşı fiziki təhqirə yol verilməsi, bəzi seçki məntəqələrində fiziki qarşıdurma, eyni şəxsin təkrar səs verməsi, bir seçki məntəqəsində oğurluq və digər hallarla bağlıdır”.
Nazir müavini qeyd edib ki, Daxili İşlər Nazirliyi seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün aktiv fəaliyyətini davam etdirir: “Mobil polis qruplarının bütün ölkə üzrə yerdəyişməsi həyata keçirilir. Polisin səlahiyyətinə daxil olan bütün faktlara dərhal reaksiya verilir”.
Gürcüstanın Mərkəzi Seçki Komissiyasından isə bildirilib ki, saat 17:00-a olan məlumata əsasən, dairə seçki komissiyalarına 171 şikayət daxil olub.
Qeyd edək ki, Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.
Onu da qeyd edək ki, Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.