Modern.az

Azərbaycanın Özbəkistandakı səfirliyində “Qaynar xətt” yaradıldı

Azərbaycanın Özbəkistandakı səfirliyində “Qaynar xətt” yaradıldı

18 Mart 2020, 18:47

Özbəkistanda koronavirus təhlükəsinin artması ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində “Qaynar xətt” yaradılıb.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib.

 

Diplomatın sözlərinə görə, səfirliyin işçiləri bu məqsədlə xüsusi növbətçilik prinsipləri ilə daimi olaraq Azərbaycan vətəndaşları ilə əlaqədədirlər.

 

"İndiyə kimi Özbəkistanda 47 Azərbaycan vətəndaşı qeydiyyatı aparılıb. Onlar Daşkənddədirlər və səfirliyimizlə daimi əlaqədədirlər. Bakıda isə 90-a yaxın Özbəkistan vətəndaşı var. Onların da Azərbaycandan öz vətənlərinə gətirilməsi və azərbaycanlıların da buradan Bakıya aparılması ilə bağlı artıq danışıqlar gedir. Ancaq biz hələlik gözləyirik. Çünki hər an vətəndaşların sayı artır. Azərbaycandan Özbəkistana gələnlər səfirliyin konsulluq şöbəsində qeydiyyatda durmalıdırlar. Bu da könüllüdür. Bəziləri durur, bəziləri durmur. Ona görə də Özbəkistanın regionlarında da Azərbaycan vətəndaşları var. Rəqəmlər tam aydın olandan sonra, dəqiqləşmə yekunlaşandan sonra onların Azərbaycana, Azərbaycandakı Özbəkistan vətəndaşlarının isə öz vətənlərinə qayıtması məsələsi öz həllini tapacaqdır. Burada elə bir problem yoxdur. Ümuiyyətlə, səfirliyə kim müraciət edirsə, bu müraciətləri araşdırır, mümkün qədər dəstək olmağa çalışırıq. Hələ ki, bu mövzuda problem yaranmayıb".

 

Samir Abbasov bildirib ki, koronavirusun yayılması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən səfirlikdə xüsusi komissiya yaradılıb:

 

"Məsələ cənab səfirin tam nzarətindədir. Bir saatdan bir Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq şöbəsi məlumatlandırılır. Məsələ tam nəzarətdədir. Azərbaycan vətəndaşları bu günə qədər heç bir problem yaşamayıblar. Hətta Azərbaycan vətəndaşlarının Özbəkistanda qalmaq problem olarsa, bu məsələylə bağlı da səfirlik hər bir vətəndaşımıza dəstək olmağa hazırdır".

 

Xatırladaq ki, Özbəkistanda koronavirusa yoluxanların sayı bu gün 15 nəfərə çatıb.

 

Turan ASLAN

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi