Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərqin ən böyük Məhsamə su kanalı və təmizləmə sisteminin açılışında iştirak edib. Tikintisi bir il davam edən və 1 milyard dollar həcmində vəsait xərclənən yeni kanalın vasitəsilə Süveyş kanalının şərqində yerləşən İsmailliyə şəhəri içməli su ilə təchiz ediləcək, habelə 103 min hektar əkin sahəsi suvarılacaq.
Modern.az xəbər verir ki, açılış mərasimində çıxış edən Misir Prezidenti Sinay yarımadasının bir hissəsinin su təminatını yaxşılaşdıracaq bu layihəni onun ölkəsi üçün mühüm mərhələ adlandırıb. O qeyd edib ki, su kanalı və nəqliyyat tunellərinin çəkilişi üzrə hökumətin istifadəyə verəcəyi beş layihədən ikincisi də bu ilin sonunadək istifadəyə veriləcək.
Müharibədə həlak olmuş misirli mühəndisin adı verilmiş “Şəhid Əhməd Həmdi” su kanalının uzunluğu 4250 kilometr, diametri isə 11 metrdir. Su kanalı və təmizləmə qurğularının tikintisində 5 minə yaxın fəhlə və mühəndis çalışıb. Bundan başqa, gələn il İsmailliyədən Sinay yarımadasının şimalına uzanacaq iki avtomobil tunelinin tikintisi də nəzərdə tutulur.