Bir neçə gün öncə Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bondar dövlət orqanlarının nümayəndələrinə müraciət ünvanladı.
Müraciətdə nazir müavini dövlət məmurlarından “erməni soyqrımı” ifadəsindən çəkinməyi məsləhət görüb.
“1915-ci ildə Osmanlı İmperiyasında ermənilərlə baş verənlər BMT-nin 9 dekbar 1948-ci ildə qəbul etdiyi soyqırımı terminin şərtlərinə cavab vermir. Bundan başqa, Rusiyanın xarici siyasətinin təsiri altında olan Ermənistan beynəlxalq təşkilatda Ukrayna üçün həyati əhəmiyyətli qətnamələrin əlehinə səs verir”, - deyə Xarici İşlər nazirinin müavini Vasili Bondar qeyd edib.
Maraqlıdır, Ukrayna tərəfinin belə açıqlama verməsi Türkiyə-Ukrayna münasibətlərinə hansı şəkildə təsir göstərə bilər?
Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatı Atilla Sertel Ukraynanın mövcud açıqlamasından sonra Türkiyə iqtidarının Ukrayna ilə münasibətləri daha da möhkəmləndirməli olduğunu bildirib:
“Türkiyənin siyasi xəttində əsas istiqamət çevrəsindəki bütün ölkələrlə dostluq münasibəti qurmaqdır. Ukrayna Xarici İşlər naziri müavinin soyqırım ifadəsi ilə bağlı qadağa qoyması Ukraynanın Türkiyəyə qarşı açıq şəkildə olan ilk dəstəyidir. Buna görə iqtidar çalışıb Ukrayna ilə münasibətləri daha da möhkəmləndirməlidir. Ukrayna tərəfdən belə bir açıqlamanın olması həqiqətən də bizi çox sevindirdi. Çünki onlar doğru olanı etdilər, real olmayan bir şey haqqında danışmaq və şərh vermək də mənasızdır”.
Deputat Ukraynanın bu cür açıqlama verməsinin Ermənistan-Ukrayna münasibətlərinə təsirindən də danışıb:
“Düşünmürəm ki, Ukraynanın bu açıqlaması Ermənistanla olan münasibətlərini korlasın. Çünki Ermənistan-Ukrayna münasibətləri bir açıqlama ilə korlanacaq durumda deyil. Həm də Ermənistan tərəfinin regionda özünə düşmən qazanmaq istəyi yoxdur”.